Spiker Conson: Amna şatdaun dövründə bu addım atılmayacaq...
Poliqon xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiqinə “böyük maraq” göstərdiyini, lakin bu qərarın hökumətin fəaliyyətinin qismən dayandırıldığı şatdaun dövründə qəbul edilməyəcəyini bildirib.
Conson qeyd edib ki, hazırda Konqresin əsas prioriteti hökumətin fəaliyyətini bərpa etmək və maliyyə böhranını aradan qaldırmaqdır.
“Respublikaçılar Rusiyaya qarşı daha sərt tədbirlər görməkdə qərarlıdırlar, amma biz əvvəlcə federal hökumətin normal fəaliyyətini təmin etməliyik. Şatdaun bitənə qədər bu məsələ gündəlikdə olmayacaq”, deyə spiker vurğulayıb.
ABŞ mediasının məlumatına görə, yeni sanksiya paketi Rusiyanın enerji ixracına, maliyyə institutlarına və texnologiya sektoruna yönələcək. Lakin hökumətin fəaliyyətinin dondurulması nəticəsində bu təşəbbüslər, habelə bir sıra beynəlxalq maliyyə qərarları müvəqqəti olaraq təxirə salınıb.
Ekspertlər hesab edirlər ki, respublikaçıların sərt ritorikası Tramp administrasiyasının xarici siyasət kursuna uyğun gəlir və Vaşinqtonun Moskva üzərində təzyiqini daha da artırmaq məqsədi daşıyır.
Poliqon.info