AZ

Patrik Vieyra Deklan Raysı təriflədi

Fransa yığmasının keçmiş dayaq yarımmüdafiəçisi Patrik Vieyra, “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Deklan Raysı qiymətləndirib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Deklan Raysın böyük pərəstişkarıyam. O, mükəmməl yarımmüdafiəçidir. Fəal hərəkət edir, hücuma getməyə qadirdir, top çalmağı bacarır. Rays çox qüvvətlidir və ən yaxşılardan biridir”, deyə Patrik Vieyra məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 11 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 114 oyun, 15 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 70 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.

Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
84
arena.az

1Mənbələr