AZ

“Böyük köç” Azərbaycanda demoqrafiyanın inkişafına yeni nəfəs verir...


“Böyük Qayıdış” proqramı çərçivəsində azad rayonlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bir zamanlar öz evlərindən, yurdlarından didərgin salınan insanlarımız öz evlərinə, el-oblarına, kəndlərinə, şəhərlərinə qayıdırlar. Heç şübhəsiz ki, azad rayonlara qayıdış prosesi o bölgələrin demoqrafik mənzərəsini daha da inkişaf etdirir.

İndiyə qədər azad rayonlara nə qədər əhalinin qayıtması ilə bağlı statistika var.

Bu il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4826 ailənin qayıdışı təmin edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bildrilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilir.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 304 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 565 nəfər təşkil edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. O, təkcə həmin rayonlara kifayət qədər əhalinin qayıtdığını deyib: “Artıq 1 040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub".
Qeyd olunub ki, hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.

Bu faktlar azad ərazilərin demoqrafik vəziyyətinə necə təsir edir?

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, 2020-ci ildə 44 gün davam edən, şanlı Zəfərlə başa çatan İkinci Qarabağ savaşından sonra Azərbaycan yeni reallıqda yaşayır və bu yeni reallıqda da şübhəsiz, dövlətin qarşısında çox mühüm vəzifələr durur. “Uzun illər işğal altında olmuş, Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizin ilk növbədə o yerlərin minlardan təmizlənməsi, ordakı infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı məsələsi dövlətimiz üçün əsas priorotetlərdən, vəzifələrdən biridir. Şübhəsiz ki, müharibə bitən kimi Prezident İlham Əliyev bu məsələyə çox rasional yanaşaraq bununla bağlı ardıcıl addımlar atıb. Proses bu gün də davam edir. Belə ki, ilk növbədə azad ərazilərdə mina problemi çox ciddi bir problem kimi qarşımızda durur. Azərbaycan xalqı hələ də mina problemi üzündən əziyyət çəkir. Orda basdırılmış minalar indinin özündə də ciddi fəsadlar törədir. Başlanğıcda ərazilərimizin minalardan təmizlənməsi əsas vəzifələrdən biri idi. Çünki ora köçürüləcək əhalinin təhlükəsiz yaşaması üçün ilk növbədə ərazi minalardan təmizlənməli idi. Azərbaycan dövləti müharibə bitən kimi bu istiqamətdə böyük işlərə başladı və bu yöndə xeyli işlər görülüb. Ərazinin xeyli bir hissəsi minalardan təmizlənib. Şübhəsiz ki, bu əsasən Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilib. Ondan sonra qarşıda duran vəzifələrdən biri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına şərəfli qayıdışının təmin edilməsi idi ki, dövlət başçısı bunu da rasional bir şəkildə həll etməyə başladı. İlk növbədə ölkə başçısının Sərəncamı ilə “Böyük Qayıdış” I Dövlət Proqramı qəbul olundu. Prezident İlham Əliyev böyük tarixi bir sənəd imzaladı. Bu sənəddə keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı ilə bağlı bütün məsələlər detallı şəkildə öz əksini tapdı. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə məsələləri mərkəzləşmiş qaydada həll etmək üçün Əlaqələndirmə Qərargahı yaratdı. Onun nəzdində akdemik və təhsil məsələləri üzrə İşçi Qrupu da yaratdı ki, bu İşçi Qrupu keçmiş məcburi köçkünlər arasında sorğu keçirməli, onların rəy və təkliflərini də Böyük Qayıdış prosesində öyrənməli idi. Burda məqsəd o idi ki, Azərbaycanın postkonflikt ərazilərinə repartasiyanın proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı keçmiş məcburi köçkünlərin təklifləri əsasında bir sənəd, proqram, Yol Xəritəsi hazırlamaq idi. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı ictimai rəyə böyük önəm verdi və bu məsələyə ictimai rəy əsasında yanaşdı. Bu addımla o, bir daha qərar qəbul etmədə ictimai rəyə böyük önəm verdiyini sübut etdi. Həmin sorğu da bir neçə formada, bir neçə tədqiqat metodu ilə keçmiş məcburi köçkünlər arasında keçirildi, onların rəyləri öyrənildi. Bu rəylər də Böyük Qayıdış prosesində nəzərə alınır.

Bütövlükdə “Böyük Qayıdış” proqramı, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı məsələsi dövlət başçısının müharibədən dərhal sonra atdığı bütün addımlarda özünü göstərdi. Ölkə başçısının ardıcıl olaraq azad rayonlara səfərləri, orda quruculuq-abadlıq işlərinin həyata keçirilməsi, bununla bağlı zəruri addımların atılması günün reallığına çevrildi”.

Ü.Şəfiyev qeyd etdi ki, 2 fevral 2021-ci ildə Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafa dair prioritetlərində də məhz“Böyük Qayıdış”, keçmiş məcburi köçkünlərin geri qayışı əsas prioritetlərdən bir kimi qeyd olunur. O, vurğuladı ki, eyni zamanda bu Sosial-İqtisadi İnkişafa dair Milli Strategiyada da bu məsələ öz əksini tapıb. Ü.Şəfiyev vurğuladı ki, 2022-ci ildə artıq “Böyük Qayıdış”la bağlı I Proqramı Prezident Əliyev təsdiqlədi, 2025-ci ildə artıq II proqram öz təsdiqini tapdı: “2026-cı ilə qədər təqribən 140 min keçmiş məcburi köçkünün öz yurd-yuvalarına qayıdışı nəzərdə tutulur. Bu proses gedir. Qarabağ və Şərqi Zəngəzur ərazisində keçmiş məcburi köçkünlərin yerləşdirilməsi prosesi davam edir. Artıq on minlərlə keçmiş məcbuiri köçkün ora qayıdır, orda işlə təmin olunur, məşğulluq var, orda dayanıqlı şəkildə məskunlaşma həyata keçirilir. Bu proses davamlı xarakter alıb və şübhəsiz ki, bu amil nəinki Qarabağda və Şərqi Zəngəzurda, bütövlükdə Azərbaycanda demokrafik proseslərə müsbət təsir göstərəcək. Bu əhalinin təbii artımına, ailə, məşğulluq məsələsinə, demoqrafik mənzərənin dimanikasına müsbət töhfə verəcək. Biz görürük ki, böyük qayıdışla bağlı aparılan işlər həm də işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya prosesinə də töhfə verəcək. Həmin torpaqlar məhsuldar torpaqlardır, o torpaqların iqtisadiyyatı dirçələcək, ölkə iqtisadiyyatının gücünə güc qatacaq...”

Ü.Şəfiyev qeyd etdi ki, azad ərazilərə qayıdış bölgənin və ölkənin demoqrafik vəziyyətinə müsbət təsir göstərir. Mütəxəssis hesab edir ki, proses ölkənindemoqrafik mənzərəsini daha da inkişaf etdirir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
82
baki-xeber.com

1Mənbələr