Son vaxtlarda Rusiyadan Ermənistan yük maşınlarının sürücülərinin kütləvi şəkildə qovulması sonuncu üçün ciddi problem yaratmağa başlayıb. Bununla bağlı artıq üçüncü dəfədir ki, hökumət binası qarşısında etiraz aksiyası keçirən Ermənistan yük maşınlarının sürücüləri həyəcan təbili çalır: 3-5 il müddətinə Rusiyaya girişi qadağan edilən və cərimələnən sürücülərin sayı hər gün artır.
Sürücülərdən biri “Azatutyun” radiosuna bildirib: “Buna baxın, bu gün Ermənistanın iqtisadiyyatı Rusiyadan 80%, daha çox asılı vəziyyətdədir. Əgər biz Rusiyaya qarşı ultimatum qoymaq istəyiriksə, yalnız bütün bu məsələləri əvvəlcədən həll edəndən sonra ultimatum verməliydik. İndi bu, sürücülərin problemidir, bir müddət sonra bu, böyük biznesi olan insanların probleminə çevriləcək, sonra kiçik və orta sahibkarların probleminə çevriləcək. Siz də daxil olmaqla hamını bu hal narahat edir, çünki Rusiyadan sürücülərin qovulması hamımıza, bütün ailələrimizə aiddir”. Sürücülər Rusiyanın onlar üçün qalma müddəti olaraq müəyyən etdiyi 90 günün kifayət etmədiyini, bunun yarısını Yuxarı Larsda keçirdiklərini, bu müddət keçərsə, evə qayıtmağın demək olar ki, qeyri-mümkün olduğunu, qayıdanların isə daha sonra Rusiyaya yük daşıya bilmədiyi üçün işlərindən məhrum edildiyini qeyd edərək hökumətdən Rusiya ilə danışıqları sürətləndirməyi tələb edirlər. Xatırladaq ki, Rusiya miqrasiya qanunlarını sərtləşdirib. Yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, vizasız rejimə malik ölkələrin Rusiyada işləməyən vətəndaşları orada ildə 180 gün deyil, 90 gün qala bilərlər. bundan ən çox təsirlənən ölkələrədən biri isə məhz Ermənistandır. Bu fonda Ermənistanda yük maşını sürücüləri “Baqrataşen”, “Qoqavan” və “Bavra” sərhəd-keçid məntəqələrinə gedən yolları bağlayıblar. Qeyd edildiyi kimi sürücülər Rusiyada qalma müddətinin 90 günə salınmasına etiraz edirlər. Onlar deyirlər ki, Rusiya ildə 90 gün qalmağa icazə verərsə, o zaman Ermənistan ərazisinə xarici nömrəli yük maşını buraxmayacaqlar. Yük maşını sürücüləri Rusiya səfirliyi qarşısında da etiraz aksiyası keçiriblər. Sözlərinə görə, Rusiya getdikcə daha çox sürücünün ölkəyə girişinə 3-5 illik qadağa qoyur, cərimələyir. Sürücülərin daha öncə dediklərinə görə, Moskvaya gedib qayıtmaq altı gün çəkməli olduğu halda, 20 gün çəkir, çünki yollar çox vaxt bağlı olur.Sürücülər miqrant olmadıqlarını, Rusiyaya işləməyə getmədiklərini vurğulayırlar. Onlar hökumətdən Moskva ilə danışıqlar aparmağı tələb edirlər.
İqtisadiyyat naziri Qevorq Papoyan daha əvvəl etiraz edən sürücülərə deyib ki, hökumət Moskvanın onlara qarşı immiqrasiya qaydasını qaldırmasına çalışır. Nazir bildirib ki, bu məsələ Avrasiya İqtisadi Birliyində (AİB) ən yüksək səviyyədə müzakirə olunur: “Mən də bilirəm ki, 90 gün işlək seçim deyil, çünki sürücülər ildə 90 gün elə Yuxarı Larsda qala bilərlər”. Qeyd edək ki, son aylar Rusiya rəsmiləri İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük niyyətinin ağır iqtisadi fəsadları barədə xəbərdarlıq səsləndiriblər. Baş nazirin müavini Aleksey Overçuk deyib ki, nəinki Ermənistanın Rusiya bazarına tarifsiz çıxışına son qoyular, Ermənistandan yük maşınları da giriş qadağası ilə üzləşər. Baş nazir Nikol Paşinyan isə ölkəsinin sonucda Aİ ilə AİB arasında seçim etməli olacağını deyib. Rəsmi statistikaya görə, bu ilin birinci yarısında Rusiyanın Ermənistanın xarici ticarətində azı 35 faiz, Aİ-nin isə 12 faiz payı olub. Yaranmış vəziyyətdə nə qədər qəribə görünsə də Ermənistan sürcülərinin probleminin həllində Azərbaycan həlledici rol oynaya bilər. Belə ki, iki ölkə arasında sülh müqaviləsi imzalanıb, əalqələr qurulsa, onda erməni sürücülər Azərbaycandan Rusiyaya keçid edə bilər. Bu zaman onların Yuxarı Larsda üzləşdikləri problem olmayacaq. Çünki burada təbii şərait Yuxarı Larsdakı kimi sərt deyil. Amma Ermənistanın öncə Zəngəzur dəhlizini açması şərtdir. Bu arada erməni politoloq Alen Qevondyan bildirib ki, Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq. O qeyd edib ki, İrəvan “Zəngəzur dəhlizi” ifadəsinə etiraz edir, amma hər şey Bakı və Ankaranın dediyi kimi olacaq: “Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq. Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi. Əliyev BMT, Türk Dövlətləri Təşkilatının sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır. Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək. Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai müzakirədə olmasın. Seçkilərdən sonra isə o, şəxsən qırmızı lenti kəsərək Zəngəzur dəhlizini açacaq və onu hədiyyə edəcək”. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan isə bundan əvvəl qeyd edib ki, ölkəsi ümumi regional kommunikasiyaların blokdan çıxarılmasında maraqlıdır: “Ümid edirik ki, TRIPP layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək. Söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar. Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər. Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik”.
Samirə SƏFƏROVA