AZ

ABŞ Venesuela sahillərində hərbi potensialını artırır

Vaşinqton Karib dənizində son onilliklərin ən böyük əməliyyatını həyata keçirir...

Poliqon xəbər verir ki, The Financial Times qəzetinin məlumatına əsasən, ABŞ Venesuela sahillərində hərbi gücünü ciddi şəkildə artırıb. Hesabatda bildirilir ki, üç strateji B-52 bombardmançısı Karakas yaxınlığında nümayiş uçuşu həyata keçirib. Analitiklər bu addımı prezident Donald Trampın Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində verdiyi açıq siyasi siqnal kimi qiymətləndirirlər.

Avqust ayından etibarən bölgədə təxminən 10 min ABŞ hərbçisi, səkkiz döyüş gəmisi, bir atom sualtı qayığı və F-35 qırıcı təyyarələri yerləşdirilib. Bu, son onilliklərdə ABŞ-ın Karib hövzəsində həyata keçirdiyi ən iri hərbi güc cəmləşməsidir. Rəsmi olaraq əməliyyat “narkotrafikə qarşı mübarizə” adı altında aparılsa da, ekspertlərin fikrincə, əsas məqsəd Maduro rejiminə siyasi və hərbi təzyiq göstərməkdir.

Sentyabrın əvvəlindən bəri ABŞ qüvvələri azı yeddi qaçaqmalçı katerini məhv edib, 32 nəfəri zərərsizləşdirib. Donanmanın tərkibinə üç esmines, bir raket kreyseri, bir sahil döyüş gəmisi və 2 200 dəniz piyadasından ibarət desant eskadrası daxildir. Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin ümumi döyüş gəmilərinin 8 faizi Karib dənizi regionunda cəmləşdirilib.

Ekspertlər bu əməliyyatı ABŞ-ın Latın Amerikasında təsir dairəsini bərpa etmək cəhdi kimi dəyərləndirir və ehtimal edirlər ki, qarşıdakı aylarda bölgədə gərginlik daha da artacaq.

Poliqon.info

Seçilən
115
poliqon.info

1Mənbələr