BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ administrasiyası prezident Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək görüşün iki ölkə arasındakı ticarət fikir ayrılıqlarını aradan qaldıracağına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset açıqlama verib.
“Gələn həftə hər kəs Asiyaya bu problemi həll etməyə gedir və mən əminəm ki, prezident Tramp və sədr Si razılığa gələcəklər,” - deyə o, Fox Business telekanalına müsahibəsində bildirib.
Hassetdən həmçinin görüşün nəticəsində Çindən idxal olunan mallara tətbiq edilən əlavə 100 faizlik rüsumların ləğv edilə biləcəyi barədə soruşulub.
“Qərar vermək prezident Trampın səlahiyyətindədir. Mən bu barədə fərziyyə yürütmək istəmirəm,” - deyə o, suala cavab verib.