Bu, son 22 ilin yeganə sosial uğuru deyil
Bu günlər İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilməsinin 22-ci ili tamam oldu. Bu, özlüyündə adi tarix, sıradan ildönümü deyildi. Ötən 22 ildə ölkəmizin həyatında çox vacib hadisələr baş vermiş, dövlətimiz və xalqımız çox sınaqlardan çıxmışdır. Təkcə 30 illik Qarabağ probleminin və savaşının möhtəşəm Zəfərlə başa vurulmasını qeyd etmək yetər ki, həmin zamanın Azərbaycan üçün misilsiz əhəmiyyəti etiraf olunsun.
Amma bu da hələ hamısı deyil. 22 ildə ölkənin sosial-iqtisadi həyatında da görünməmiş uğurlar qazanılmışdır. Müstəqil Azərbaycanın təməli Heydər Əliyev tərəfindən qoyulan iqtisadiyyatı xammal bazasından çoxşaxəli, ixracyönümlü sənaye müstəvisinə keçmiş, qeyri-neft sektoru prioritet istiqamət elan olunmuş, regionların tarazlı inkişafı təmin edilmişdir. Bütün bunlar təbii ki, əhalinin güzəranına, sosial güvənliyinə təsirsiz ötüşməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd etdiyimiz ildönümü ərəfəsində bu sahə üzrə əldə edilən nailiyyətləri bir daha xatırlatmışdır.
Beləliklə, 2003-cü ildən ötən dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 2025-ci ilin 1 sentyabr tarixinə 1093,8, orta aylıq pensiya 22,6 dəfə artaraq 539, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata yüksəlib.
Prezident İlham Əliyevin tapşırığı əsasında 2018-2025-ci illərdə 5 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 milyard manatdır. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1, orta aylıq əməkhaqqında 2, əməkhaqqı fondunda 3,2, orta aylıq pensiyada 2,6, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın artım baş verib. Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 milyard manatı ötüb. Bununla yanaşı, əlavə 10 yeni sosial ödəniş növü təsis olunub.
Son illər pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi qurulması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan elektron sistem üzərindən avtomatik olaraq yaşa görə pensiya təyin olunur. Eyni zamanda erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırasının son illər əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib.
Həssas kateqoriyaya aid şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramının icrası uğurla davam edir. Xüsusən möhtəşəm Zəfərdən sonra mənzillə təminat 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Həmçinin müharibə bitdikdən sonra 567, ümumən ötən dövr ərzində isə 7800 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Dövlət başçısının apardığı sosial islahatlar proqramının uğurlarından biri də 2019-cu ildən ölkəmizdə yaradılan DOST mərkəzləridir. Bu mərkəzlər dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. DOST modeli tərəfindən əhaliyə vahid platformadan 161 sosial xidmətin göstərilməsi, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunması hamını məmnun edir. Artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, "Smart DOST" xidmət məntəqəsi, DOST məntəqəsi, DOST filalı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,6 faizə çatması DOST modelinin uğurlu bir islahat nümunəsu olduğunu göstərir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək verir. Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir. Ötən dövrdə mərkəzdən və onun İsmayıllı və Bərdədəki filiallarından 800-dən çox şəxs istifadə edib.
Prezident İlham Əliyevin həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində ötən dövrdə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də xeyli genişlənib. Əlilliyi olan şəxslər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, günərzi və icma əsaslı sosial reabilitasiya, sosial xidmət mərkəzləri şəbəkəsi, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz Naftalan, Lənkəran, Yevlax, Qəbələ, Şəmkir və digər bölgələrdə əlilliyi olan şəxslər üçün Reabilitasiya Mərkəzləri yaradılıb.
Dövlət başçısının tapşırığına əsasən son illər sosial xidmətlərin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra edilir. Artıq əmək və məşğulluq, sosial müdafiə üzrə xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb. Sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb və 2019-cu ildə ölkəmizin sosial reyestri olan "e-sosial" portalı, 2022-ci ildə vahid əmək münasibətləri platforması olan, həmçinin əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidə imkan verən "Əmək və Məşğulluq" altsistemi işə salınıb. Təkcə ötən ildə əmək və məşğulluq, sosial müdafiə üzrə e-sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyona çatıb. Onu da qeyd edək ki, DOST konsepsiyası və rəqəmsal xidmətlər 240-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb.
Rüstəm KAMAL,
"Azərbaycan"