Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası çox böyük sənətkarların ifasına şahid olmuşdu. O gün - 1965-ci il avqustun 10-u isə bu sənət ocağının yaddaşında növbəti heyrətamiz ifa ilə qalırdı. Filarmoniyanın səhnəsində səksən beş yaşlı tarzən Qurban Pirimov tarını "Rahab"la dindirirdi. Qocaman tarzənlə bərabər tamaşaçılar da zamanı və məkanı unutmuşdular. Hər kəsin ruhu, duyğuları dinlədiyi muğam üstə köklənmişdi. Tarzən 23 dəqiqə "Rahab" çaldı. Tamaşaçı alqışları salonu bürüdü. Qocaman tarzən üç dəfə səhnəyə qayıtmalı oldu...
Ömrə yoldaş, qəlbə sirdaş
Yaşı bilinməyən, əsrarəngiz muğamlarımız, xalq mahnılarımız onun ifasında daha da ecazkar səslənirdi. Tarzən Qurban Pirimov tara uşaqlıq illərindən elə bağlanmışdı ki, onu bütün ömrünə yoldaş, qəlbinə sirdaş seçmişdi. O, bu musiqi aləti ilə tanınmış, məşhurlaşmışdı...
Qurban Pirimov 1880-ci il oktyabrın 30-da Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. O, XVIII əsrdə Qarabağda məşhur olmuş aşıq Valehin nəticəsi idi. Musiqiyə bağlılıq ailə ənənələrinə çevrilmişdi. Qurban Pirimov körpəlikdən musiqiyə dərin sevgi və pərəstiş görmüşdü.
Evlərində çox əziz tutulan saz uşaqlıq illərindən onu da heyran edib. Ancaq Qurban Pirimov kiçik yaşlarından başqa bir musiqi alətində - tarda çalmağı öyrənib. Hər gün Gülablıdan Şuşaya kilometrlərlə yol gedib məşhur tarzən Sadıqcandan dərs alıb.
Qurban Pirimov müəllimi Sadıqcanın xeyir-duasını alıb Qarabağ toylarında məşhur xanəndələri müşayiət etməyə başlayanda on beş yaşında idi. Toyların birində onun tar çalmasını bəyənən xanəndə İslam Abdullayev Qurbanı özünə tarzən götürüb. 1905-ci ildə Gəncə toylarının birində isə gənc tarzənin ifası xanəndə Cabbar Qaryağdıoğlunun diqqətini cəlb edib. Cabbar Qaryağdıoğlu İslam Abdullayevin razılığını alaraq Qurban Pirimovu Bakıya gətirib. Birlikdə Zaqafqaziyanın müxtəlif yerlərində, eləcə də Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olublar. Qurban Pirimovun da şöhrəti həmin illərdə Azərbaycanın sərhədlərini aşıb. 1906-1916-cı illərdə tarzənin ifa etdiyi muğamlar Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" şirkətləri tərəfindən qrammofon valına yazılıb.
Qurban Pirimov İslam Abdullayev, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Ələsgər Abdullayev kimi dövrünün tanınmış xanəndələrini müşayiət edib.
Yaxın Şərqdə yazılmış ilk opera - Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" əsəri 1908-ci ildə ilk dəfə tamaşaya qoyulanda Qurban Pirimov orkestrin solisti kimi tarda ifa edib.
Dahi Üzeyir bəylə, Müslüm Maqomayevlə, Zülfüqar Hacıbəyovla dostluğu Qurban Pirimovun yaradıcılığına da təsirini göstərib.
Tarzən 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qurban Pirimov 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutub. 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.
Sənətkar Azərbaycan musiqi sənətinin inkişafına pedaqoq kimi də xidmət göstərib. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov ondan dərs alıblar.
Qurban Pirimov 1925-ci ildə Üzeyir bəy Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib.
Ona hörmətlə, ehtiramla "Qurban əmi" deyə müraciət ediblər. Qurban Pirimovun elə söhbətlərinin, tövsiyələrinin, məsləhətlərinin özü də məktəb sayılıb.
Qurban Pirimov Azərbaycan professional musiqisinin inkişafına müstəsna xidmətlər göstərib. Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Sevda İbrahimova kimi bəstəkarlar onun ifasından bir sıra muğam, xalq mahnı və təsniflərini nota köçürüblər.
Mahir tarzənin yaradıcılığı yüksək qiymətləndirilib. O, müxtəlif illərdə Əməkdar artist, Xalq artisti fəxri adları, "Qırmızı əmək bayrağı" ordeni, "Şərəf nişanı" ordeni ilə təltif edilib. Azərbaycanda Xalq artisti fəxri ada 1931-ci ildə ilk dəfə tarzən Qurban Pirimov layiq görülüb.
Qocaman tarzənin gənclik eşqi...
O, yaşa dolsa da, tarını gənclik eşqi, həvəsi ilə dilləndirib. Xalq artisti Canəli Əkbərov tarzənin ifasına heyranlığını belə ifadə edib: "Qurban əmi çalanda sanki tar dil açıb danışırdı. Tarzən əlinə tarı alanda çalğısı ilə gözəl, rəvan dərsi tədris edən, mahnını sevdirən müəllimi xatırladırdı. Onun çalğısında bir balans, muğam cütlüyündən kənara çıxmayan kvadratura olub".
Xanəndə Canəli Əkbərovun ustad tarzənlə bağlı xatirələrindən biri də belə idi: "50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis, yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib".
Qurban Pirimovun nəvəsi, bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova babası haqqında deyib: "Bizim ailə poeziya və musiqi ilə sıx əlaqədar olub. Babam ustad tarzən Qurban Pirimov, atam görkəmli yazıçı Mirzə İbrahimov və anam - ilk pianoçu qadın Sara xanım. Əlbəttə, belə bir mühitdə böyümək təbii ki, xoşbəxtlikdir. Amma bir xoşbəxtlik də onda oldu ki, mən də ruhən musiqi dünyasına bağlandım. Elə bu hisslərimi də duyanlardan birincisi məhz Qurban baba oldu. Hələ mən uşaq idim, birinci, ikinci sinifdə oxuyardım o, tarda məxsusən mənim üçün muğamlar ifa edərdi. Təbii ki, mən böyüdükcə babamın ustadlığını daha dərindən dərk edirdim. O da mənim musiqi qabiliyyətimə çox ciddi yanaşmağa başladı. Pianoda ifalarımdan babam çox məmnun qalardı. Artıq ailəmizdə belə bir ənənə yaranmışdı. Nə isə bir ailə tədbiri olanda mütləq babam tarda ifa edər, mən də onu fortepianoda müşayiət edərdim. O vaxtlar istirahət günləri radioda "Muğamat konserti" veriləndə Qurban baba, atam, anam və biz uşaqlar sanki konsert salonunda olduğu kimi həmin proqramı diqqətlə dinləyərdik".
Sevda İbrahimova babasının klassik musiqini çox sevdiyini və müasir bəstəkarların əsərlərinə maraqla qulaq asdığını söyləyib: "Onun Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər bəstəkarlara böyük hörmət və rəğbəti vardı".
Sevda xanım Qurban Pirimovun Qarabağa tükənməz sevgisindən də danışıb: "Babam Qarabağı, Şuşanı çox sevirdi. Hətta o, ölümünə bir neçə gün qalmış dedi ki, Qarabağ torpağının suyundan içmək istəyirəm. Xalam onun üçün oradan bulaq suyu gətirdi. Həmin suyu içəndən bir neçə saat sonra babam dünyasını dəyişdi".
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda torpağa tapşırılıb.
Qocaman tarzən gözlərini əbədi yumanda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında son çıxışından on doqquz gün keçirdi. Onun ifa etdiyi "Rahab"ın sədası hələ qulaqlardan getməmişdi...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"