Seul və Tokio hadisəni diqqətlə izləyir, raketin tipi və uçuş məsafəsi hələ müəyyənləşdirilməyib...
Poliqon xəbər verir ki, Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsi yerli vaxtla səhər saat 8:20-də (Bakı vaxtı ilə 2:20) Yapon dənizi istiqamətində ən azı bir raket buraxılışının qeydə alındığını açıqlayıb. Hərbçilərin ilkin məlumatına əsasən, raketin tipi, uçuş məsafəsi və hündürlüyü hələlik müəyyən edilməyib.
Cənubi Koreya tərəfi bildirib ki, bu, 8 və 22 may tarixlərində baş tutan son ballistik və qanadlı raket buraxılışlarından sonra ilk sınaqdır. Həmçinin qeyd olunur ki, raket buraxılışı iyun ayında vəzifəyə gəlmiş prezident Li Çje Men hökumətinin dövründə ilk belə hadisədir. Analitiklərin fikrincə, bu addım 31 oktyabr – 1 noyabr tarixlərində Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində siyasi təzyiq mesajı ola bilər.
Yaponiyanın yeni baş naziri Sanae Takaiti mətbuata açıqlamasında bildirib ki, raket ölkənin iqtisadi zonasının üzərindən keçməyib. “Kyodo” agentliyinin xəbərinə görə, hökumət başçısı Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə Pxenyanın son raket buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil aparmaq göstərişi verib.
Poliqon.info