AZ

Oktyabrın 25-dən ölkədəki bütün ət bazarları bağlanacaq - fövqəladə qərarın səbəbləri...


Asif İbrahimov: “Heyvan bazarının bağlanması isə aqrar sektora təsirsiz ötüşməyəcək”

Son vaxtlar iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi barədə xəbərlər yayılıb. Məlum xəstəliklə bağlı əksər bölgələrdə heyvan bazarı bağlanıb və bağlanacaq.

İsmayıllıdan olan qəssablar isə bildirir ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.

Məlum vəziyyətlə bağlı AQTA-nın yaydığı açıqlamada qeyd edilir ki, oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq: “Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”.

Maraqlıdır, heyvan bazarlarının bağlanması kənd təsərrüfatı sektoruna, xüsusilə də kiçik fermer təsərrüfatlarına hansı iqtisadi zərərləri vura bilər?

“Heyvan bazarının bağlanması həm istehsalçı, həm də istehlakçılara ciddi zərər vurur, bu hal qida təhlükəsizliyinə də birbaşa təhdid sayılır”

Iqtisadçı ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dabaq xəstəliyi yoluxucu xəstəliklər sinfinə daxildir: “Bu xəstəliyin olması heyvan bazarının müvəqqəti bağlanmasına səbəb olur. Heyvan bazarının bağlanması isə aqrar sektora təsirsiz ötüşməyəcək. Kiçik fermerlər öz məhsullarını bazara çıxara bilmir, maliyyə itkisi yaşanır. Belə olduğu halda nağd vəsaitin daxil olması azalır, yem alışında problemlər qeydə alına bilər. Bazarın bağlanması qiymət balansına da təsir göstərir. Mövcud tələbin təklifə nisbətən artması bahalaşmaya səbəb olur. Artıq ət və süd məhsullarının qiymətində bahalaşma müşahidə olunur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, fermerlər əlində olan heyvanları ucuz qiymətə satmağa çalışır: “Dünya təcrübəsində belə hal olduğu zaman dövlət tərəfindən müəyyən mexanizmlər işə salınır. Nəzərə almaq lazımdır ki, heyvan bazarının bağlanması həm istehsalçı, həm də istehlakçılara ciddi zərər vurur. Bu hal qida təhlükəsizliyinə də birbaşa təhdid sayılır. Dövlət tərəfindən bu sahəyə müəyyən güzəşt tətbiq olunmalıdır. Məsələ, vergi, sosial ödəmələrdə dəstək olunmalıdır. Hər hansı bir formada fermerlər kompensasiya olunmalıdır. Ümumiyyətlə, bu məsələdə Kənd Təsərrüfat Nazirliyinin üzərinə böyük vəzifə düşür”.

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr