AZ

“Atletik”lə oyuna doğru: eniş “Qarabağ” üçün fürsət ola bilər

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində bu gün növbəti oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bilbaoda “Atletik”in qonağı olacaq. “San Mames”də baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

İspaniyanın köklü klublarından olan “Atletik” eniş dövründədir. Bilbao klubu son 9 oyunda cəmi 1 qələbə qazanıb. 2 dəfə heç-heçə edən ispanlar 6 dəfə məğlubiyyətlə üzləşib. La Liqada 9 turdan sonra 14 xal toplayan “Atletik” 9-cu sıradadır. Komanda bu mövsüm 4 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə də uduzub.

İspaniyada “San Mames”də – ev oyunlarındakı çıxışı “Barselona”, “Real” kimi komandaları üstələməyi bacaran “Atletik” bu mövsüm doğma divarlar arasında cəmi 2 qələbə qazanıb.

“Atletik”in Çempionlar Liqası startı da uğurlu alınmayıb. Evində “Arsenal”a iki cavabsız qolla uduzan baskoniyalılar ikinci turda Dortmund “Borussiya”sı ilə bacarmayıb – 1:4.

“Qarabağ” isə son oyunlarda yüksələn formasıyla diqqət çəkir. Qurban Qurbanovun yetirmələri ardıcıl 6 oyundur, qələbə qazanıb. “Atlılar” Premyer Liqada 4, Çempionlar Liqasında 2 qələbə ilə yoluna davam edir.

Çempionlar Liqasında dünən baş tutan oyunlardan sonra “Qarabağ” 10-cu sıraya geriləyib. Bu gün qazanılacaq qələbə Azərbaycan çempionunu yenidən “beşliy”ə yüksəldəcək. Xalı olmayan “Atletik” də qələbə arzusundadır və azı pley-offa vəsiqəni hədəfləyən bilbaolular “Qarabağ”la görüşə “davam, ya tamam” matçı kimi yanaşır.

Favorit ispanlardır. “Qarabağ” buna qədər bu ölkənin təmsilçilərinə qarşı Avropada keçirdiyi 3 səfər görüşündə qələbə qazana bilməyib. 2017-ci ildə Madrid “Atletiko”su ilə heç-heçə edən “Qarabağ” daha sonra “Vilyarreal” və “Sevilya”ya uduzub.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
futbolpress.az

1Mənbələr