CENTCOM İsraildə beynəlxalq humanitar yardımın koordinasiyası üçün CMCC qurub...
Poliqon xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsraildə Hərbi-Sivil Koordinasiya Mərkəzinin (CMCC) fəaliyyətə başladığını elan edib. Rəsmi açıqlamaya görə, bu mərkəz Qəzza zolağına beynəlxalq humanitar yardımların çatdırılması və atəşkəsin monitorinqi üçün əsas əlaqə kanalı olacaq.
Açıqlamada vurğulanır ki, ABŞ hərbçiləri Qəzza ərazisində yerləşdirilməyəcək. Onların əsas vəzifəsi tərəfdaş ölkələrdən, qeyri-hökumət təşkilatlarından və beynəlxalq qurumlardan gələn humanitar, logistika və texniki yardımın koordinasiyasını təmin etməkdir.
Mərkəz həmçinin atəşkəsin şərtlərinə əməl olunmasını real vaxt rejimində izləmək üçün xüsusi operativ qərargah vasitəsilə fəaliyyət göstərəcək.
CMCC-nin yaradılmasında logistika, planlaşdırma, mühəndislik və nəqliyyat təminatı sahəsində təcrübəsi olan təxminən 200 ABŞ hərbçisi iştirak edib. Layihəyə ABŞ Quru Qoşunlarının Mərkəzi Komandanlığının (ARCENT) rəhbəri, general-leytenant Patrik Frenk rəhbərlik edir.
Mərkəzin əsas məqsədi bölgədə sülh prosesinin qorunmasına və humanitar yardımın təhlükəsiz şəkildə çatdırılmasına dəstək verməkdir.
Poliqon.info