AZ

İrlandiyada immiqrantlara qarşı etirazlar başladı – Dublində iğtişaşlar iki gündür davam edir

İrlandiyada immiqrantlara qarşı kütləvi etiraz aksiyaları başlayıb.

Editor.az xəbər verir ki, hadisə Britaniyanın Sky News telekanalının məlumatına əsaslanır. Bildirilib ki, irlandiyalı qızın afrikalı mühacir tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlər fonunda Dublində iğtişaşlar iki gündür davam edir.

Məlumata görə, Citywest Hoteldə — xarici qaçqınlar üçün sığınacaq kimi istifadə edilən ərazidə toplanan təxminən iki min nəfər etirazçı polis qüvvələri ilə toqquşub.

Etirazçılar polis əməkdaşlarına daş, butulka və pirotexniki vasitələr atıblar, eləcə də polis mikroavtobusunu yandırıblar. Onların polis helikopterinə lazerlə müdaxilə etməyə cəhd etdiyi də bildirilir.

Hadisə yerində təhlükəsizliyi təmin etmək üçün polis su şırnaqlarından istifadə edib.

İrlandiya polisinin komissarı Castin Kelli baş verənləri “kütləvi xuliqanlıq” kimi qiymətləndirib və iğtişaşlarda fəal iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağını bəyan edib.

Bundan əvvəl, sentyabrın 20-də, immiqrasiya əleyhdarlarının Niderlandda Demokratlar 66 (D66) partiyasının Haaqadakı qərargahının şüşələrini sındırdıqları barədə də məlumat yayılmışdı.

// Gülnarə Abasova, Editor.az

Seçilən
98
editor.az

1Mənbələr