AZ

Şimali Koreya ballistik raket atdı

Şimali Koreya beş aylıq fasilədən sonra ilk ballistik raket sınağını həyata keçirərək bölgədə gərginliyi yenidən artırıb. 

Bu sınaq ABŞ Prezidenti Donald Tramp və digər liderlərin Cənubi Koreyada keçiriləcək zirvəyə qatılmasından bir neçə gün əvvəl baş tutub. 

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisinin açıqlamasına görə, Pxenyandan cənubda yerləşən bir ərazidən bir neçə qısa mənzilli ballistik raket atıldığı müəyyən edilib. Raketlərin hər biri təxminən 350 kilometr məsafə qət edib və şimal-şərq istiqamətində atılıb. 

Raketlərin haraya düşdüyü isə açıqlanmayıb. Cənubi Koreya ordusu bildirib ki, ABŞ ilə güclü hərbi ittifaqa əsaslanaraq Şimali Koreyanın bütün təxribatlarına qarşı hazırdırlar. Yaponiyanın Baş naziri Sanae Takaiçi raketlərin Yaponiyanın ərazi sularına və ya iqtisadi zonasına çatmadığını bildirərək “heç bir zərər hesabatı almadıqlarını” deyib. 

Takaiçi əlavə edib ki, Tokio Vaşinqton və Seul ilə “real vaxtda raket xəbərdarlığı məlumatlarını paylaşaraq sıx əlaqədədir. Şimali Koreyanın bu sınağı Cənubi Koreyanın gələn həftə ev sahibliyi edəcəyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi öncəsində baş verib. 

İqtisadi inteqrasiyanı və ticarəti təşviq etməyi hədəfləyən zirvənin hərbi yönü yoxdur. Trampın Çin Prezidenti Si Cinpin və Cənubi Koreya Prezidenti Li Cae Myunq ilə ikitərəfli görüşlər üçün Qyeongjuya gəlməsi gözlənilir, lakin 30 oktyabr–1 noyabr tarixləri arasında keçiriləcək APEC əsas iclasına qatılması gözlənilmir. 

Mütəxəssislər bildirirlər ki, Pxenyan rəhbərliyi bu atışlarla beynəlxalq ictimaiyyətə nüvə silahına sahib bir dövlət kimi tanınmaq istəyini yenidən ifadə edir. Bu status BMT-nin ölkəyə tətbiq etdiyi sərt iqtisadi sanksiyaların ləğvi üçün ilkin şərt sayılır. 

Xatırladaq ki, Şimali Koreyanın son ballistik raket sınağı 8 mayda ABŞ və Cənubi Koreyaya qarşı “nüvə əks-hücum” təlimi çərçivəsində həyata keçirilmişdi. Yeni sınaq iyun ayında vəzifəyə gələn Cənubi Koreya lideri Linin “Koreya Yarımadasında sülhü yenidən bərpa etmək” vədindən sonra baş verən ilk hadisədir. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr