AZ

Gabbard Bayden administrasiyası araşdırmasına rəhbərlik edir - ÖZƏL

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard Bayden administrasiyasının dövlət qurumlarını "silah kimi istifadə etməsi" iddialarını araşdırmaq üçün yaradılan xüsusi İdarələrarası İşçi Qrupuna (IWWG) rəhbərlik edəcək. Qrupun əsas məqsədi, ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyası dövründə dövlət strukturlarının "kütləvi və təhlükəli şəkildə silah kimi istifadəsini" ifşa etməkdir. Olaylar.az xəbər verir ki, Tulsi Gabbard Fox News Digital-a açıqlamasında bildirib:
"Amerika xalqı prezident Donald Trampı seçərək Bayden administrasiyasının Konstitusiyaya və vətəndaşlara qarşı dövlət orqanlarını təhlükəli şəkildə istifadə etməsinə son qoymaq istədiyini açıq şəkildə göstərdi. Mən bu işçi qrupunu məhz bu məqsədlə - Trampın rəhbərliyi altında idarələrarası koordinasiyanı gücləndirmək və dövlət qurumlarının məsuliyyətini təmin etmək üçün yaratdım."
İşçi qrupa Milli Kəşfiyyat İdarəsi ilə yanaşı, FBI, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), ABŞ Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri daxildir.
ABŞ-ın yeni baş prokuroru və ədliyyə naziri Pem Bondi isə bildirib ki, Bayden dövründə ədliyyə orqanları "prezident Trampı və onun ətrafını, eləcə də mühafizəkar düşüncəli şəxsləri siyasi məqsədlərlə təqib edib".
"Tramp administrasiyası dövründə biz hər gün tərəfdaşlarımızla birlikdə dövlətin siyasi silah kimi istifadəsinə son qoymaq üçün çalışırıq," - deyə Bondi vurğulayıb.
FBI direktoru Keş Patel də əlavə edib ki, yeni yaradılmış qrupun məqsədi "bütün vətəndaşlar üçün ədalətin bərpası"dır.
Xatırladaq ki, Reuters agentliyi daha əvvəl Tramp administrasiyasında FBI, CIA və Ədliyyə Nazirliyi nümayəndələrinin daxil olduğu analoji bir qrupun fəaliyyət göstərdiyini, onun əsas məqsədinin isə siyasi rəqiblərlə hüquqi müstəvidə mübarizə aparmaq olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
olaylar.az

1Mənbələr