BAKI, 22 oktyabr. TELEQRAF
"Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir. Bu gün biz artıq neft-qaz sahəsindəki uğurlu əməkdaşlığımızı yeni mərhələyə yüksəldərək, yaşıl enerji istiqamətində inkişaf etdiririk".
Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Tbilisidə V İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Baş nazir energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuş uzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyətinə toxunub:
"Bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.
Azərbaycan-Gürcüstan energetika əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür.
Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr təşkil edir.
Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin etmişdir.
Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilib.
Azərbaycan və Gürcüstan bərpa olunan enerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış edirlər.
Bu, bizim gələcəyə yönəlmiş ortaq baxışımızın və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyimizin göstəricisidir", - Əli Əsədov vurğulayıb.