ABŞ rəsmiləri Rusiyanın nüfuzunu zəiflətmək məqsədilə Amerika enerji şirkətlərinə müasir reaktorlarda yanacaq kimi istifadə edilə bilən silah dərəcəli plutoniumdan istifadə etməyi təklif ediblər.
Editor.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Financial Times qəzeti ABŞ Energetika Nazirliyinin sənədinə istinadla yayıb.
Sənədə görə, oktyabrın 21-də ABŞ Energetika Nazirliyi enerji şirkətlərinə müraciət edərək, Soyuq Müharibə dövründən qalmış və döyüş başlıqlarından çıxarılan təxminən 19 ton dövlətə məxsus silah dərəcəli plutoniumun reaktor yanacağına çevrilməsi üzrə təklif irəli sürüb. Bu material təkrar emal edilərək atom elektrik stansiyalarının reaktorlarında yanacaq kimi istifadə oluna bilər.
Nəşr vurğulayır ki, bu addım uran tədarükündə Rusiyanın dominant mövqeyini zəiflətmək məqsədini daşıya bilər. Məlumatda o da qeyd olunur ki, ABŞ daha əvvəl — 2018-ci ildə — plutoniumun mülki məqsədlər üçün yanacağa çevrilməsinin yüksək maliyyəti səbəbindən belə təşəbbüslərdən imtina etmişdi.
//Gülnarə Abasova, Editor.az