AZ

“Bir sıra inkişaf etmiş ölkələrdə bələdiyyələrə federal və ya dövlət büdcəsindən subsidiyalar həyata keçirilmir”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Gələn ilin büdcə layihəsində bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bizimyol.info Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə layihəsinə istinadən xəbər verir ki, bələdiyyələrə veriləcək dotasiya məbləği 7 milyon 500 min manat, subvensiya isə 1 milyon 550 min manat nəzərdə tutulub. Cari ilin dövlət büdcəsində də bələdiyyələrə eyni məbləğlərdə dotasiya və subvensiya ayrılmışdı.Büdcədən ayrılan maliyyə həcmi bələdiyyələrin yerli problemləri həll etmək və öz səlahiyyətlərini effektiv icra etmək üçün kifayət edirmi?Büdcədən ayrılan vəsait bələdiyyələrin real idarəetmə gücünü artırmaq üçün yetərlidirmi?Milli Məclisdə bələdiyyələrin gücləndirilməsi ilə bağlı hansı təşəbbüslər var?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bələdiyyələr büdcədənkənar mənbələrdən daha çox vəsait cəlb edilməsinə nail olmalıdır.

Vüqar Bayramov

“Bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi təbii ki, vacib məsələlərdəndir. Bu istiqamətdə biz dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasını təklif edirik. Ötən il də Milli Məclisdə büdcə müzakirələrində bu istiqamətdə təkliflərimiz təqdim olunmuşdur. Eyni zamanda bələdiyyələr büdcədənkənar mənbələrdən daha çox vəsait cəlb edilməsinə nail olmalıdır. Çünki beynəlxalq praktika da göstərir ki, bələdiyyələrin cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi büdcədənkənar gəlir mənbələridir. Hətta bir sıra inkişaf etmiş ölkələrdə ümumiyyətlə, federal və ya dövlət büdcəsindən bələdiyyələrə subsidiyalar həyata keçirilmir. Amma Azərbaycanda bələdiyyələrin maliyyə mənbələrinin zəif olduğunu nəzərə aldıqda, bələdiyyələrə bu istiqamətdə vəsaitin ayrılması məqsədəuyğundur və təbii ki, maliyyə imkanları çərçivəsində həmin vəsaitin artırılmasını da təklif edirik. Sözsüz ki, daha dayanıqlı yol, məhz bələdiyyələrin öz büdcədənkənar maliyyə mənbələrinin gücləndirilməsi və bu istiqamətdə daha çox vəsaitin cəlb edilməsinə nail olmasından ibarət idi. Bütün bunlar nəticədə bələdiyyələrin maliyyə dayanıqlığının daha da gücləndirilməsinə gətirib çıxara bilər”,- deyə Vüqar Bayramov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
bizimyol.info

1Mənbələr