BAKI, 22 oktyabr. TELEQRAF
“Dini təhsildə proqramlar hazırlanarkən müasir çağırışlar və beynəlxalq standartlar nəzərə alınmalıdır”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
O bildirib ki, inqilabdan sonra bəzi ideologiyalar dinin zamanla yox olacağını düşünürdü. Amma həyat göstərdi ki, din cəmiyyətdə öz rolunu qoruyub saxlayır:
“Hazırda dünyada 5 minə yaxın din və inanc mövcuddur. Din insanlarda əxlaqi və mənəvi dəyərlərin formalaşmasında, dünyagörüşün genişlənməsində əhəmiyyətli rol oynayır. Həmçinin din mədəni irsi qoruyan vasitədir”.
F. Qurbanovun sözlərinə görə, Azərbaycanda təhsildə dinlə bağlı biliklərə yer verilir, məktəb və universitet proqramlarında bu mövzuya toxunulur:
“Məlumatlılıq insanların dinə münasibətində hörmət və anlayış yaradır. Bu da müxtəlif dinlərə mənsub insanlar arasında tolerant münasibətin formalaşmasına şərait yaradır”.