Niderlandda oğru polisdən qaçarkən ayağını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Noordhollands Dagblad” məlumat yayıb.
Niderlandın Zandam şəhərində (Amsterdam yaxınlığında) qəribə hadisə baş verib. Supermarketdə oğurluq edən şəxs saxlanılarkən, polis onun bir ayağının “itdiyini” sonradan aşkarlayıb.
Nəşrin məlumatına görə, hadisə zamanı oğru cinayət başında yaxalanıb və polisə müqavimət göstərərək qaçmağa cəhd edib.
O, uzun şalvar geyindiyi üçün hüquq-mühafizə orqanları əməkdaşları onun protez ayaqlı olduğunu yalnız bölməyə gətirildikdən sonra başa düşüblər.
Polisin açıqlamasına əsasən, bir qədər sonra protez “avtomobilin arxasında” tapılıb. Güman edilir ki, oğru uğursuz qaçış cəhdi zamanı onu itirib.
Hüquq-mühafizə orqanları süni ayağı sahibinə qaytarıb və bu maraqlı hadisə barədə sosial şəbəkələrdə paylaşım ediblər.
“Az əvvəl saxladığımız şəxs qəfil ayağını itirdi. Protez artıq sahibinə qaytarılıb — hər şey əvvəlki kimi normal işləyir”, – polis Facebook-da məlumat yayıb.

Xuraman Etibarlı
İnterpress.az