Yusif Pezəşkian: Prezident problemləri inkar etmir, onları həll etmək üçün yeni yanaşma axtarır...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezəşkianın oğlu Yusif Pezəşkian atasının siyasətinə dair fikirlərini özünün “Telegram” kanalında bölüşüb. O bildirib ki, atasının məqsədi ölkədəki mövcud çatışmazlıqları və problemləri gizlətmək deyil, onları açıq şəkildə qəbul edib islahatlara başlamaqdır.
Yusif Pezəşkian qeyd edib ki, prezidentin islahat yönümlü baxışları bəzən cəmiyyət tərəfindən düzgün anlaşılmır.
“Prezidentin intellektual paradiqması onun tənqidçilərinin düşüncə tərzindən fərqlənir. Problemlərin həlli üçün təkcə hökumət deyil, parlament, məhkəmə sistemi, dini qurumlar və xalq birlikdə işləməlidir. Eyni üsulları təkrarlayaraq yeni nəticələr gözləmək olmaz. Bəzən sistemi hərəkətə gətirmək üçün onu silkələmək lazımdır”, İran prezidentinin oğlu yazıb.
Onun sözlərinə görə, Məsud Pezəşkianın ölkənin gələcəyi ilə bağlı konkret planı və baxışı var.
“Prezidentin məqsədi ümidin və inamın yenidən qurulmasıdır. O, dəyişikliklərin yalnız mərhələli şəkildə və ümummilli həmrəylik sayəsində mümkün olduğuna inanır”, deyə Yusif Pezeşkian vurğulayıb.
Pezəşkian ailəsinin bu bəyanatı İran ictimaiyyətində islahatların istiqaməti ilə bağlı yeni müzakirələr doğurub.
Poliqon.info