“Qarabağ” yaxşı formadadır”.
Bunu Offsideplus.az saytına açıqlamasında futbol eksperti Aslan Kərimov deyib.
Mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Atletik”ə qarşı keçirəcəyi oyun haqqında fikirlərini bölüşüb:
“Son iki matça baxanda görürük ki, “Qarabağ” çox yaxşı dinamika əldə edib. “Atletik” isə Çempionlar Liqasına yaxşı başlamayıb, keçirdiyi iki oyunu uduzub. “Bilbao”nun bir neçə zədəli futbolçusu var. Bu da oyunlarına təsir göstərir. “Qarabağ”ın digər üstünlüyü hücum xəttidir. Burada komanda yaxşı oynaya bilir. Məncə, “Atletik”in ağır müdafiə xəttini keçmək iqtidadarındadırlar. Rəqib isə çox riskli oynayır. Bəzən aqressiv şəkildə öndə pressinq edirlər. Hansı rəqib o təzyiqdən çıxa bilirsə, müdafiəçiləri təhlükə ilə üz-üzə qalır. Belə situasiyalarda riskə gedib, hətta qırmızı vərəqə də ala bilirlər.”
Kərimov Azərbaycan çempionunun hücum xəttində güclü olduğunu vurğulayıb:
“Andrade çox sürətlidir, Zubir texnikalı oyunçudur. Nəriman, yaxud da Duran oynasa, hər ikisi sivri ucda sürətlidir. Düzdür, Nəriman daha sürətlidir, ancaq bilmirəm, Qurban Qurbanov onu əsas heyətdə buraxacaq, yoxsa ikinci hissədə meydana girəcək. Çünki Nəriman zədədən sonra milli komandanın heyətində yorğun görünürdü. Çox güman, oyuna Duranla başlayacaqlar. Hər halda “Qarabağ”ın hücum xətti çox güclüdür. Fikrimcə, təmsilçimiz bu oyunda xal, yaxud xallar qazana bilər. Təbii ki, məğlub da ola bilərlər, çünki oyunun nəticəsini tam dəqiq təxmin etmək mümkün deyil. Ancaq bunun üçün gərək “Qarabağ” müdafiədə çoxlu səhvlərə yol versin.”
Qeyd edək ki, bu gün “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
 
                        