AZ

“Qara gün” ehtiyatı azalır: “Yastıq altındakı” dollar bazara çıxır

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın xarici valyuta bazarında sabitlik davam edir. 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bazarda ümumilikdə təklif tələbi üstələyir. Məlumata görə, son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. 

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 1 ildə 1,8 faiz bəndi azalaraq sentyabrda 29 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. 

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard ABŞ dolları təşkil edib. 

Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. 

AMB-nin 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb. Göründüyü kimi, təklif tələbi üstələyir. Yəni bazarda dollar kifayət qədərdir, amma alıcılar azdır. Halbuki bir müddət əvvəl insanlar kütləvi şəkildə dollara yönəlirdilər. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda dollar təklifinin artması və alıcılığın azalmasının səbəbi başqadır. Ekspertin sözlərinə görə, əhali uzun illər “qara gün” üçün saxladığı dollar və digər valyuta ehtiyatlarını artıq xərcləməyə məcbur qalır: 

“Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda əhali “qara gün” üçün yastıq altında saxladığı dollarları, valyutanı artıq xərcləməyə məcbur qalır. Gəlirlər azalır, adambaşına düşən ümumdaxili məhsul göstəricisinə görə Azərbaycan Cənubi Qafqazda sonuncu yerə düşüb. 

Qiymətlər kəskin şəkildə bahalaşır, inflyasiya davam edir, lakin gəlirlər inflyasiya tempinə uyğun artmır. Nəticədə vətəndaşlar məcbur olur ki, yastıq altında saxladıqları valyutanı bazara çıxarsınlar. Bunun nəticəsində bazarda daha çox dollar satan olur. Beləliklə, alanların sayı satanların sayından az olur”. 

Natiq Cəfərli əlavə edib ki, digər ölkələrdə dollar satışına təsir edən amillərdən biri turizmdir: 

“Azərbaycanda isə son dövrlər turist axınında da azalma müşahidə edilir. Yəni keçən illərə nisbətən turist sayında da azalma var. Vəziyyətin səbəbi sadəcə olaraq dolların “bol” olması deyil. 

Yəni “dollar boldur və heç kim almır” məsələsi deyil. Əgər doğrudan da belə olsaydı, valyuta alışı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilməzdi. Hazırda qeyri-rəsmi şəkildə də olsa, banklar Azərbaycan vətəndaşlarının il ərzində 11 500 dollardan artıq valyuta almasına imkan vermir, yəni limit mövcuddur”. 

Onun fikrincə, bu mənzərə sadəcə bazarda təklifin çoxluğu ilə izah oluna bilməz: “Bu görünən mənzərə sadalanan, səslənən kimi deyil. Bu mənzərə göstərir ki, mövcud vəziyyət sadəcə bazarda təklifin çoxluğu ilə izah olunmur. Burada daha dərin, Azərbaycan iqtisadiyyatında problemlər olduğundan xəbər verən tərəflər var”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

dollar Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
1
cebheinfo.az

2Mənbələr