Tehranda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında görüş keçirilib. "Bakuinfo" xəbər verir ki, görüş zamanı hansı məsələlərin müzakirə edildiyi isə açıqlanmayıb. Xələf Xələfov və İranın xarici işlər naziri ilə görüşdə hansı məsələlər müzakirə oluna bilər və danışıqların nəticəsi nə ilə yekunlaşa bilər? Deputat Azər Allahverənov Sfera.az-a bildirib ki, Azərbaycan Respublikasının xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçirilən görüşdə şübhəsiz ki, ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə oluna bilər.
Parlamentari Azərbaycan-İran əməkdaşlığından danışaraq ölkəmizin tərəfdaşlıq məsələlərindəki müsbət roluna toxunub: “Xüsusilə də İran prezidentinin Azərbaycana səfəri, eyni zamanda Azərbaycan-İran münasibətlərində yeni-yeni çalarların, region üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat-logistika və enerji layihələrinin uğurlu şəkildə reallaşdırılması üçün əməkdaşlıq müstəvisində müzakirələrin aparılması istisna deyil. “Şimal-Cənub” dəhlizi üzərində müəyyən fikir mübadiləsinin aparılması, “Şimal-Cənub” dəhlizinin “Şərq-Qərb” dəhlizinə qoşulması, İranla Rusiya arasında olan strateji tərəfdaşlığın müəyyən elementləri var ki, burada da Azərbaycanın rolu birbaşa açıq-aşkar görünür”. Deputat Xəzər dənizi üzərində də, müəyyən fikir mübadiləsi aparıla bilinəcəyini vurğulayıb: “Nəzərə alaq ki, son iqlim dəyişiklikləri fonunda Xəzərlə bağlı çox ciddi həyəcan siqnalları çalınmaqdadır. Xüsusilə də, Xəzər dənizinin su səviyyəsinin azalması, dəniz naviqasiyası işinin təşkili, gəmilər üzərində beynəlxalq yükdaşımaları kimi məsələlər daxildir. Gündəlik hələlik açıqlanmayıb. Amma istənilən halda, burada ikitərəfli münasibətlərin və bu münasibətlərin üzərində çoxtərəfli münasibətlərin daha da uğurlu şəkildə inkişaf etdirilməsi üçün zəminin yaradılması müzakirə oluna bilər”. Müsahib diqqətə çatdırıb ki, Azərbaycanla İran bu günə qədər bir neçə platformalarda birgə təmsil olunub: “Bu platformalar üzərindən də əməkdaşlıq geniş səpkidə təmin edilməkdədir. Eyni zamanda yeni platformalar var ki, orada Azərbaycan bir sıra yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər arasında Avrasiya üçün mühüm əhəmiyyət kəsb edən inteqrasiya layihələri var. Bu layihələrdə İranın iştirakı kimi məsələlər də müzakirə oluna bilər”. A.Allahverənov düşünür ki, Yaxın Şərq, İsrail-Fələstin münasibətləri kontekstində də gedən məsələlər də, istər-istəməz müzakirə predmeti ola bilər: “Bunlar sadəcə təxminlərdir. Zəngəzur dəhlizinin açılması, Beynəlxalq Trans-Xəzər nəqliyyat dəhlizinin effektiv şəkildə idarə olunması, Araz dəhlizi ilə bağlı son hərəkətlənmələr müzakirə oluna biləcək məsələlər sırasına daxildir. Çünki bəllidir ki, İran tərəfi maraqlıdır ki, Araz dəhlizi tam gücü ilə işləsin. “3+3” platforması da, beynəlxalq müstəvidə əməkdaşlığı uğurlu şəkildə reallaşdırılmasına xidmət edəcək platformalardan biridir. Bu platforma ilə bağlı da İranın mövqeyi müsbətdir. Düşünürəm ki, bu istiqamətlərdə müzakirələr aparılıb. Regional sülh və təhlükəsizlik elementləri bütün aparılan müzakirələrin fövqündə duran çox vacib mövzudur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta