Bakı, 22 oktyabr, AZƏRTAC
Arxeoloqlar Tutanxamonun 3300 illik qiymətli sərdabəsinin dağılmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edirlər. Tədqiqatçılar qayada məzar yerinin dağılmasına səbəb ola biləcək böyük çatlar aşkar ediblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, rütubətin artması daşın ovulması və qiymətli freskaları korlayan göbələklərin böyüməsinə səbəb olur.
Qahirə Universitetinin arxeoloqları yeni bir araşdırmada məzarda giriş və dəfn kameralarının tavanından keçən fay xəttinin inkişaf etdiyini aşkar ediblər. Getdikcə artan bu çatlar şəbəkəsi yağış suyunun yuxarıdan nüfuz etməsinə imkan verir, mürəkkəb detalları məhv edir və sərdabənin bütövlüyünü pozur.
Sərdabə rütubətin dəyişməsi ilə genişlənən və büzülən qaya növü olan Esna şistindən tikildiyi üçün rütubətin yayılması onun hazırda ciddi şəkildə tamamilə dağılma təhlükəsi ilə üzləşdiyini göstərir. Tədqiqatın müəllifi və Qahirə Universitetinin Memarlıq irsinin qorunması departamentinin professoru Sayed Hemada deyir ki, Krallar Vadisindəki məzarlar riskləri təhlil etmək və onları azaltmaq üçün təcili müdaxilə, dəqiq elmi araşdırma tələb edir.
Professor iddia edir ki, sərdabə tezliklə tam olaraq dağılmayacaq, amma bu mənfi proses fonunda onun uzaq perspektivdə nə qədər davam gətirəcəyi məlum deyil.