Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Tərlan Salman oğlu Gülüşov 1994-cü il oktyabrın 16-da Salyan rayonunun Xələc kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 22 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Tərlan Gülüşov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.