Bakı, 22 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin mərkəzində məhz insan kapitalının inkişafı, sosial müdafiənin gücləndirilməsi və əmək münasibətlərinin təkmilləşdirilməsi dayanır. Mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insan resurslarının beynəlxalq əmək bazarına inteqrasiyası bu istiqamətdə əsas hədəflərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "PeşəFest”in yekun tədbirində çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. O bildirib ki, bu məqsədlə səriştəəsaslı yanaşma tətbiq olunaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə təqdim edilib. "Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış ixtisas seçimini yalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinə uyğun şəkildə aparmaqdır. Bunun üçün peşəyönümlü təhsilin gücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərin texnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir. Aparılan təhlillər göstərir ki, müasir dövrdə işəgötürənlər texniki biliklərlə yanaşı, yumşaq bacarıqlara - ünsiyyət, komanda işi, məsuliyyətlilik kimi keyfiyyətlərə də yüksək dəyər verirlər. Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır", - deyə o qeyd edib.