AZ

Cıdır düzündə bir məzar

BAKI, 22 oktyabr. TELEQRAF

Mən elə bilirdim ki, Şuşada adamlar ölmür...

Bir neçə gün öncə üçüncü dəfə Şuşaya səfər edərkən şəhərin girişində bir neçə yeni məzar daşı gördüm. Qəribə gəldi...

Cıdır düzündə dağların əzəmətinə baxdıqdan sonra geriyə qayıdarkən gözüm bir lövhəyə sataşdı. Mirmöhsün Nəvvabın məzarını nişan verən məlumat lövhəsi idi. Bu ad bütün tarixçilərə, ədəbiyyatşünaslara bəllidir. Tarixə erməni-müsəlman davası kimi keçmiş hadisələr haqqında ən qiymətli kitablardan birini qələmə almışdı Nəvvab.

Ona görə də yenilənən Şuşada dağıdılan məzarlar da təmir edilib.

Nəvvab 1833-cü ildə Şuşada doğulub, orada da yaşayıb. Mədrəsədə oxuyub, ərəb, fars dillərini öyrənib. Ardınca Molla Abbas Cavanşir Sarıcalıdan dərs alıb, tarix, coğrafiya, astronomiya, cəbr, kimya kimi elmlərə yiyələnib. Daha sonra özü də müəllim olan Nəvvab üsuli-cədid məktəbi üçün dərsliklər hazırlayıb. Şeirə, musiqiyə böyük maraq göstərən Nəvvab “Məclisi-fəramuşan” təşkil edərək Qarabağın məşhur şair və musiqiçilərini ətrafına yığıb. İştirakçıları yayda evində, qışda isə Cıdır düzündə qəbul edib. Gündəlik yeniliklərdən xali olmaq üçün “Əkinçi”, “Kəşkül”, “Ziya” kimi yerli qəzetlərə abunə olub. Digər şəhərlərdə yerləşən şeir məclisləri ilə yarışıblar.

1903-cü ildə Nəvvabın təşəbbüsü ilə Şuşada qiraətxana açılıb. Qiraətxanada yerli və dünya ədəbiyyatı toplanıb, “İqbal”, “Şərqi-rus”, “Səda”, “İrşad”, “Molla Nəsrəddin” kimi məcmuələr oxuculara təqdim edilib.
Nəvvab 30-dan çox əsərin müəllifi olub. Onun Əlyazmalar İnstitutunda 30-a yaxın əsərinə məxsus 50-yə qədər əlyazma saxlanılır. Bəzi əsərlərin iki və ya üç müxtəlif nüsxəsi mövcuddur. Nəvvabın irsinə aid materialların əksəriyyəti avtoqraf nüsxələrdir. Bu əlyazmalar arasında müəllifin öz əli ilə tərtib etdiyi, işlədiyi və köçürdüyü eyni əsərin müxtəlif variantları da mövcuddur. Onun 1864–1865-ci illərdə qələmə aldığı “Bəhrül-hüzən” (“Qəm dəryası”) adlı poetik əsəri Kərbəla faciəsinə həsr olunub. Əsərin müəllifi, xəttatı və rəssamı da elə Nəvvabın özü idi. 1895-ci ildə qələmə aldığı “Kəşfül-həqiqeyi-məsnəvi” əsəri isə gənc nəslə öyüd-nəsihət vermək məqsədi ilə yazılıb, müəllifin çəkdiyi rəsmlərlə bəzədilib. Bu mövzuda “Nəsihətnamə”, “Pəndnamə” və “Nurül-ənvar” kimi əsərləri də mövcuddur.

Nəvvabın 1913-cü ildə nəşr olunmuş “Musiqi elmində rəqəmlərin aydınlaşdırılması” adlı elmi əsəri müəllifin musiqi nəzəriyyəsinə necə vaqif olduğunu göstərməkdədir. Eləcə də rəssam olan Nəvvab Əmir Teymurun portretini çəkib, əsərlərindəki təsvirləri özü yaradıb.

Nəvvab bu işləri ilə yanaşı pedaqoq, naşir, astronom, tarixçi kimi də şöhrət qazanıb. Onun “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində Qarabağda, o cümlədən də Şuşa şəhərində ermənilər tərəfindən törədilən qətllərdən, dövrün hadisələrindən bəhs edilir. Əsərində bu hadisələrə qədər də ermənilərin törətdiyi cinayətlərdən də danışıb. Bir nümunə: “Hicri 1294-cü (miladi 1877) ildə rus-osmanlı müharibəsində rus dövlətinin ordu başçılarından bir neçəsi erməni tayfasından idi. Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və Qurani-şərif əllərinə keçirdisə, yandırırdılar”.

O, əsərində ermənilərin İrəvanda, Naxçıvanda, Qarabağda, Gəncədə, Tiflisdə və s. yerlərdə törətdiyi hadisələri detallı şəkildə yazıb, erməni fitnəsinin içüzünü göstərə bilib.

Nəvvab həmçinin silah kolleksiyasına sahib olub. Bu silahları Qarabağ xanının döyüşçülərindən birindən əldə etmişdi. 1940-cı ildə oğlu Mirişağa bu kolleksiyanı tarix muzeyinə verib. Tarixçi Səbuhi Əhmədov bu kolleksiya ilə bağlı kitab-kataloq hazırlayıb.

Nəvvab Şuşanın, Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir. Fərqli elm sahələrindəki xidmətləri onun bənzərsiz bir mövqeyə ucaldıb.

Nəvvabın məzarı önündə dua etdik. Şuşa azad olunanda ruhu şad olanların ön sırasında o dayanırdı.
Şuşada ilk dəfə idi ki bir məzar ziyarət edirdim. Halbuki mən elə bilirdim ki, Şuşada adamlar ölmür...

Seçilən
55
teleqraf.com

1Mənbələr