BAKI, 22 oktyabr. TELEQRAF
Bakı şəhərində təxminən 20 min mənzil (mərkəzdə təxminən 7-8 min) müxtəlif formalarda kirayə təklif olunur, ölkə üzrə isə bu sayın 30 minə yaxın olduğu ehtimal edilir (airbnb.com, booking.com, bina.az kimi onlayn platformalar üzərindən təhlil edilib).
Teleqraf xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyasının "Davamlı Turizmə doğru: Ədalətli Rəqabət üçün Vahid Yanaşma" adlı analitik məqaləsində bildirilib.
Məqalədə qeyd edilib ki, 2024-cü il statistikasına əsasən, Azərbaycanda 859 rəsmi yerləşmə vasitəsi fəaliyyət göstərir və onların 320 vahidi Bakı şəhərində yerləşir:
"Ölkə üzrə rəsmi yerləşmə vasitələrinin 31,750 otağı və 67,376 çarpayısı olduğu halda, bunun 15,592 otağı və 28,995 çarpayısı yalnız Bakı şəhərində cəmləşmişdir. Kirayə təklif edilən mənzillərdə potensial çarpayı sayının təxminən 80 - 100 min intervalında olduğu və bu rəqəmlərin rəsmi nömrə fondun hüdudlarını xeyli qabaqladığı güman edilir.
Bununla yanaşı, mənzil və fərdi evlərin "Booking.com", "Expedia.com", "Airbnb.com", "Ostrovok.ru" kimi beynəlxalq onlayn aqreqatorlardakı payının da son dövrdə artımı müşahidə olunur. Bu isə bazarın daha da sürətlə böyüdüyünü göstərir.
Qeyd olunduğu kimi, mövcud açıq mənbələr əsasında Bakı şəhərində təxminən 20 min aktiv elan mövcuddur. Onların 7,5 min-ə yaxını mərkəz, qalanı periferiyada cəmləşir. Elan başına orta tutum 3,5 yer götürüldükdə, Bakının qısamüddətli kirayə bazarının (STR) fondu təxminən 70 min yer (mərkəzdə 26 250 yer) təşkil edir. Bu həcm mərkəz-periferiya üzrə adresli tələblər və şəffaf qeydiyyat mexanizmlərinə ehtiyacın olduğunu göstərir.
Belə bir böyük bazarın mövcudluğu rəsmi mehmanxanaların və mehmanxana tipli obyektlərin rəqabət imkanlarını kölgə altına sala bilər. Xüsusilə kiçik və orta ölçülü hotelçilik müəssisələri üçün bu dinamika ədalətsiz rəqabət şəraiti formalaşdırmaq ehtimalı yaradır.
Qısamüddətli kirayə obyektləri bazarın təbii tərkib hissəsidir və düzgün tənzimləndiyi halda, turizm infrastrukturunun çevikliyini artırır. Məhz bu səbəbdən tənzimləmə yanaşması qadağa deyil, şəffaflıq və balans üzərində qurulmalıdır".