Portuqaliyanın keçmiş baş naziri vəfat edib
Ajans.az xəbər verir ki,bu barədə AFP agentliyi məlumat yayıb. Onun ölümü barədə məlumatı Portuqaliya Prezident Administrasiyasının rəsmi saytı və Balsemaonun təsis etdiyi “İmpresa” media qrupu təsdiqləyib. Ölüm səbəbi açıqlanmayıb. Balsemao 1981-ci ildə, baş nazir Fransisko Sa Karneyro təyyarə qəzasında həlak olduqdan sonra hakim Sosial Demokrat Partiyasının namizədi kimi baş nazir vəzifəsini icra etməyə başlayıb. O, partiyanın qurucularından biri və ölkənin demokratik inkişafında mühüm rol oynamış fiqur kimi tanınır. Baş nazirliyi dövründə o, Portuqaliya Konstitusiyasına 1982-ci ildə edilən mühüm dəyişikliklərə rəhbərlik edib. Bu dəyişikliklər solçu ideoloji məhdudiyyətlərin aradan qaldırılmasına və iqtisadiyyatın liberallaşdırılmasına şərait yaradıb. Həmin islahatlar nəticəsində 1974-cü il Qərənfil İnqilabından sonra milliləşdirilmiş müəssisələrin yenidən özəlləşdirilməsinə imkan verilib. Balsemao həmçinin Portuqaliyanın 1986-cı ildə Avropa İqtisadi Birliyinə (indiki Avropa İttifaqı) qoşulması üzrə danışıqlarda iştirak edib. 1983-cü ildə partiyadaxili narazılıqlar və siyasi təzyiqlər fonunda vəzifəsindən istefa verib. O, baş nazirliyi “həyatımda etdiyim ən çətin iş” kimi xarakterizə etmişdi.