“Mədrəsə təhsili ilə bağlı araşdırmalar göstərir ki, radikallığın əsas səbəbi mədrəsə təhsili olmasa da, bu sahədə müəyyən əskikliklər mövcuddur”. Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” keçirilən beynəlxalq simpoziumda deyib.
“İslam dünyasında mədrəsə tələbələrinin məzhəbi bilikləri aşağı səviyyədədir. Bu göstərir ki, mədrəsə təhsili İslam dünyasındakı müxtəlif qruplar və onların xüsusiyyətləri barədə tam məlumat vermir. Tədqiqata görə, “zorakı cihada dəstək” səviyyəsi aşağıdır, bu, yaxşı haldır. Lakin digər dinlər və müasir elmlər haqqında biliklər kifayət qədər deyil”, – deyə rektor bildirib.
O əlavə edib ki, İslam mədrəsələri çox vaxt orta əsrlərin məsələlərini müasir dövrə daşıyır və bu, problemlər yaradır. Onun sözlərinə görə, dini təhsil proqramları dövrün tələblərini nəzərə almalı, yer, məkan və zaman fərqliliklərini hesaba qatmalıdır.