Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi informasiya vasitələrinə nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) WhatsApp və Telegram mesencerlərinin işini “qismən məhdudlaşdırmağa” başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Cinayətkarlarla mübarizə üçün hüquq-mühafizə orqanlarının materiallarına uyğun olaraq, xarici mesajlaşma proqramlarının işini qismən məhdudlaşdırmaq üçün tədbirlər görülür”, – “Roskomnadzor”dan izah olunub.
Qurumun “çoxsaylı vətəndaş şikayətlərinə” istinadən verdiyi məlumata görə, Telegram və WhatsApp-da rusiyalıları aldadan və pul qoparan, habelə onları “təxribat və terror fəaliyyətinə” cəlb edən cinayətkarlar toplaşıblar. “Roskomnadzor” həmçinin bildirib ki, mesencerlərin administrasiyaları bu cinayətlərə qarşı tədbir görülməsi ilə bağlı bütün müraciətlərə məhəl qoymayıblar.
20-21 oktyabr tarixlərində Telegram və WhatsApp-da bir neçə dəfə miqyaslı fasilələr yaranıb. Bazar ertəsi bütün Rusiya üzrə Pavel Durovun platformasının istifadəçiləri fasilələrlə üzləşiblər. Bir gün əvvəl hər iki mesencerlə bağlı problemlər ilk növbədə Rusiyanın cənub bölgələrinə – Rostov vilayətinə, Krasnodar diyarına, Adıgeyə, Stavropol diyarına və Həştərxana təsir edib.
Xatirə SADİQ