Tural İrfan: “Rejimin üzdə olan və pərdə arxasındakı fiqurları əslində İslama nifrət edirlər"
İranın Ali dini lideri Əli Xamneinin baş məsləhətçisi Əli Şamxani ötən il qızına əsl Avropa qaydalarına uyğun toy edib. Həmin toyun görüntüləri bu günlərdə yenidən İran ictimaiyyətinin gündəminə qayıdıb. Bu da onunla əlaqədardır ki, hakimiyyət son günlər əhaliyə müxtəlif mühafizəkar tələblərə əsaslanan çağırışlar edir, əxlaq polisinin genişləndirilməsilə bağlı addımlar atır.
Şamxaninin qızının yenidən gündəmə gətirilən toyu sosial şəbəkələrdə, mediada, İran əhalisi arasında böyük əks-səda doğurub və müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan videolarda bahalı, elit həyat tərzi, mərasimdə gəlin başda olmaqla bəzi qadınların açıq, sərbəst geyimi və musiqi müşayiəti diqqət çəkib. İran kimi dindar bir ölkədə məlum toy videosu müzakirələrə səbəb olub. Maraqlıdır, belə açıq-saçıq toy İran üçün nə deməkdir? Bununla radikal dini qaydaların süqut etməyə başladığını demək olarmı?
“Xamneinin ən yaxın adamının qızının toyunda bu addım atılıbsa, artıq rejimin içindən çürüdüyü üzə çıxır”
İlahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, İranın molla rejimi İslamdan sui-istifadə edən, əslində isə öz milli ənənələrinə, qədim Sasani ideogiyasına əsasən idarə olunur: "Rejimin üzdə olan və pərdə arxasındakı fiqurları əslində İslama nifrət edirlər. İslamı sadəcə əhalinin əksəriyyəti inanclı olduğu üçün siyasi məqsədlərə alət ediblər. Ali dini liderin nümayəndəsinin qızının öz toyunda yarıçılpaq formada olması da buna sübutdur. Hələ üzə çıxmayan çox çılpaqlıqlar var. Habelə İran üçün din, İslam, mənəvi dəyərlər əsas deyil. Əsas dövlətin əldə saxlanmasıdır. Bunun üçün də əgər gərəkərsə, qədim dinləri olan Zərdüştlüyə, yaxud məcusi-atəşpərəstliyə dönə bilərlər. İran rejimi İslamı həmişə ağrı verən yara kimi qəbul edir. Dini təhrif etməkdə də məqsəd müsəlmanlardan heyif almaqdır. Bütün məzhəb fitnə-fəsadının, dini siyasətə qatmağın kökündə məhz bu dayanır. Əli Şamxani hər zaman öz bəyanatlarında da İslamdan uzaq olduğunu təzahür etdirib. Rejimin qorunması üçün istənilən vasitədən istifadə edəcəklər. Əgər həqiqətən mühafizəkar İslam ənənələrinin qoruyucusu olsaydılar belə faktlar olmazdı. Əgər özünü İmam Mehdinin yerdəki nümayəndəsi, dünya müsəlmanlarının rəhbəri hesab edən Xamneinin ən yaxın adamının qızının toyunda bu addım atılıbsa, artıq rejimin içindən çürüdüyü üzə çıxır demək. İran rejimi onsuz da təqiyyə, yəni əsl əqidəni gizli saxlamaq prinsipləri ilə qurulub. Ola bilsin, artıq əsl əqidələrini, yəni məcusi dinini izhar etmək qərarına gəliblər".
Günel CƏLİLOVA