Son vaxtlar baş verən avtomobil qəzalarının səbəbləri arasında sürücülərin sağlamlıq problemləri diqqət çəkir. Ürək tutması, halın pisləşməsi, qəfil başgicəllənmə və qıcolmalar sürücülərin nəzarəti itirməsinə səbəb olur və bəzən faciəvi nəticələr doğurur.
Maraqlıdır, qıcolmalar nədən yaranır və qıcolma zamanı nə etmək lazımdır?
Bu barədə News24.az-a açıqlama verən nevroloq Rəna Abbasova bildirib ki, qıcolmaların iki növü var və onlardan ən təhlükəlisi epileptik qıcolmalardır:
“Əgər bu qıcolmalar uşaq və ya yetkinlik yaşında başlayırsa, mütləq həkimə müraciət edilməlidir. Bu, çox ciddi və qorxulu əlamətlərdir. Əgər xəstənin baş-beyinində epileptik ocaqlar varsa müalicə alır. Xəstə həkim nəzarətindədirsə, qıcolmalar dayana bilər".
Nevroloqun sözlərinə görə, bəzi hallarda müalicənin təsiri 1-2 il ərzində qıcolmaları dayandırır:
“Bu halda xəstə düşünür ki, artıq qıcolma olmayacaq. Lakin bu hal yenidən baş verə bilər. Ona görə qıcolma əlamətləri olan, həmçinin həkim qeydiyyatında olan şəxslər çox diqqətli olmalıdırlar".
Rəna Abbasova vurğulayıb ki, sürücülərdə digər səbəblər – ürək tutması, halın pisləşməsi də qəzaların baş verməsinə səbəb ola bilər:
"Amma hər halda bu cür şikayəti olan insanlar mütləq həkim nəzarətində olmalıdırlar. Eyni zamanda, epileptik qıcolmaları olan şəxslər 5 il ərzində müalicə almalıdırlar".
Nevroloq həmçinin qıcolmaların yalnız baş-beyinlə əlaqəli olmadığını qeyd edib:
“Qıcolmalar damar mənşəli xəstəliklər və beyindəki törəmələrdən də yarana bilər. Hər halda həkim nəzarəti və müayinəsi vacibdir. Qıcolma zamanı isə heç bir kənar müdaxilə edilməməlidir. Həmin şəxsin sakitləşməsini gözləmək lazımdır".
Xeyrənsə Piriyeva