Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesidavam etdirilib.
Təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək, müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib. Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini deyib.
Ancaq qanunvericiliyə görə, təqsirləndirilən şəxs vəkilsiz qala bilməz. Vardanyan ya təzə vəkil tapmalı, ya da Azərbaycan dövlətinin təyin etdiyi müdafiəçini qəbul etməlidir.
Maraqlıdır, hazırkı şəraitdə kim Vardanyanın vəkili olmaq istəyər?
Çingiz Qənizadə: “Vardanyanın müdafiəçi Avraam Bermandan imtina etməsi düşünülmüş plana oxşayır”
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, qanunvericiliyə əsasən, dövlət təqsirləndirilən şəxsi vəkillə təmin etməlidir: “Vardanyanın hazırki hərəkəti prosesin uzadılmasına xidmət edir. Vardanyanın müdafiəçi Avraam Bermandan imtina etməsi düşünülmüş plana oxşayır. Vardanyanın vəkildən imtina etməsi onun hüququdur, buna heç kim qarışa bilməz. Təqsirləndirilən şəxs vəkildən imtina edirsə, prosesin uzanmaması üçün dövlət onu vəkillə təmin etməlidir. Ancaq kim onun vəkili olar və kim hüquqlarını müdafiə edər, bəlli deyil”.
Səadət Bənənyarlı: “Təqsirləndirilən şəxs vəkilsiz qala bilməz, dövlət tərəfindən məlum şəxs vəkillə təmin olunacaq, burda qeyri-qanuni heç nə yoxdur”
Hüquq müdafiəsi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Vardanyanın vəkildən imtina etməsi onun hüququdur: “Təqsirləndirilən şəxsin vəkildən imtina etməsinin müəyyən səbəbləri olmalıdır. Səbəbsiz yerə vəkildən imtina edilmir. İstənilən halda, təqsirləndirilən şəxs vəkilsiz qala bilməz. Dövlət tərəfindən məlum şəxs vəkillə təmin olunacaq. Burda qeyri-qanuni heç nə yoxdur.
Vardanyanın hüquqları pozulardısa bu haqda danışmaq olardı. Ancaq həmin şəxslərin hüquqları pozulmur”.
Günel CƏLİLOVA