Azər Həsrət: “Liviya diktatorunun öldürülməsinə səbəb Sarkozinin prezident seçkisini maliyyələşdirməsi haqqında açıqladığı informasiya oldu”
Məlum olduğu kimi, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. Sarkozi mərhum Liviya diktatoru Müəmmər Qəddafidən aldığı pullarla seçki kampaniyasını maliyyələşdirmək üçün sui-qəsddə iştirak etdiyinə görə beş illik həbs cəzasını çəkməyə başlayaraq, həbsxanaya düşən ilk Fransa keçmiş prezidenti olub.
Qeyd edək ki, dünya mediası, Fransa sənətçiləri məlum hadisıni biabırçılıq adlandırır.
Baş vermis hadisə Fransa tarixi üçün nə deməkdir?
“Keçmiş Fransa rəhbərinin həbsi, xarici ölkə liderindən pul alıb seçki təbliğatını aparması bu ölkə üçün utancvericidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Müəmmər Qəddafi öldürülən zaman bu məsələ dünya mediasının gündəmini zəbt etmişdi: “Qəddafi məhz Sarkozini maliyyələşdirdiyi üçün öldürüldü. Liviya diktatoru öldürülən zaman Sarkozi Fransanın prezidenti idi. Həmin ərəfədə Liviyada inqilab baş verdi və məlum üsyanın başında elə Fransa dayanırdı. Qəddafi də üsyanın arxasında kimin durduğunu yaxşı bilirdi. Hətta Liviyada baş qaldıran üsyanlarla bağlı Qəddafi demişdi ki, Sarkozinin prezident seçkisi kampaniyasını o maliyyələşdirib. Üsyanlar davam etdi, Qəddafi həbs edildi, biabırcasına, aşağılanaraq öldürüldü. Liviya diktatorunun öldürülməsinə səbəb Sarkozinin prezident seçkisini maliyyələşdirməsi haqqında açıqladığı informasiya oldu”.
Siyasi şərhçi hesab edir ki, demokratiyanın beşiyi sayılan Fransa üçün bu acınacaqlı haldır: “Bu cür dövlətlərin danışdığı ilə etdiyi hərəkətlər eyni olmur. Biz heç vaxt Qərb demokratiyasına inanmamışıq. Onlar müəyyən dəyərlər yaradıb, dünya üçün örnək olublar. Ancaq özlərinə gələndə, istənilən qayda-qanunu tətbiq etməkdən çəkinməyiblər”.
Həmsöhbətimizin sözlərinə görə, keçmiş Fransa rəhbərinin həbsi, xarici ölkə liderindən pul alıb, seçki təbliğatını aparması bu ölkə üçün utancvericidir: “Fransa bu kimi hadisələri nəzərə alıb, susmalıdır. Bu ölkə Azərbaycan kimi ölkələrin üzərinə gəlməkdənsə, sakitcə kənarda dayansa yaxşı olar”.
Günel CƏLİLOVA