Radoslav Sikorski paylaşımında macar həmkarı Peter Siyartoya səslənib, alternativ marşrut kimi Xorvatiyanı göstərib…
Poliqon xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski X sosial şəbəkəsində yaydığı paylaşımda Ukraynanın Rusiyadan Avropaya neft daşıyan “Drujba” kəmərini sıradan çıxaracağına ümid etdiyini yazıb və bu kontekstdə birbaşa Macarıstanın xarici işlər naziri Peter Siyartoya müraciət edib. Nazirin sözlərinə görə, Macarıstan hazırda neftini məhz “Drujba” ilə alır və alternativ kimi Xorvatiya üzərindən tədarük imkanları nəzərdə tutulmalıdır.
Sikorski paylaşımında Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qoşunlarına komandanlıq edən, əslən Zakarpatyadan olan və etnik mənşəcə macar sayılan Robert Brovdiyə (“Mayor Madjar”) istinad edib: “Ümid edirəm, sizin cəsur həmvətəniniz nəhayət Putinin hərbi maşınını qidalandıran neft kəmərini məhv etməkdə uğur qazanacaq və siz neftinizi Xorvatiya vasitəsilə alacaqsınız.”
“Drujba” neft kəməri SSRİ dövründən qalan, Rusiyadan Mərkəzi və Şərqi Avropaya xam neft çatdıran əsas magistraldır; onun cənub qolundan Slovakiya və Macarıstana, ordan isə digər istiqamətlərə tədarük həyata keçirilir. Alternativ marşrut kimi regional gündəmdə Xorvatiyanın JANAF/“Adriya” kəməri və Omişaly (Krk adası) terminalı üzərindən tədarükün genişləndirilməsi göstərilir.
Sikorskinin mesajı Ukraynanın enerji infrastrukturuna qarşı savaş fonunda Rusiyanın enerji gəlirlərinin azaldılması müzakirələrinin davam etdiyi bir vaxtda səslənib. Paylaşım həm də Budapeştin Moskva ilə enerji sahəsində yaxın əlaqələrinə işarə kimi dəyərləndirilir.
Poliqon.info