Məlum olduğu kimi, Şimali Kipr Türk Cumhuriyyətində (ŞKTC) oktyabrın 19-da keçirilən prezident seçkilərində müxalif Cumhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürman qalib gəlib. O, səsvermədə iştirak edənlərin 62,7 faizinin, hazırkı dövlət başçısı, seçkilərdə müstəqil namizəd kimi iştirak edən Ersin Tatar isə 35,7 faizinin səsini qazanıb. ŞKTC Konstitusiyasına əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün namizədin 50 faizdən artıq səs toplaması lazımdır.
Erhürman Kiprin gələcəyi üzrə yunan Kipri ilə danışıqları yenidən canlandırmaq vədi vermişdi. İxtisasca vəkil olan Erhürman BMT-nin dəstəklədiyi federal həll variantını araşdıracağını bildirib. Bu variant təxminən 50 ildən sonra adanın birləşdirilməsini nəzərdə tutur. Kiprin şimalındakı Şimali Kipr Türk Respublikasını tanıyan Türkiyə və Tatar iki dövlət siyasətini dəstəkləyir. Yunan Kipri isə bunu rədd edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Erhürmanı qələbəsi münasibətilə təbrik edib. O deyib ki, səsvermə türk Kiprinin demokratik yetkinliyini əks etdirib: “Türkiyə olaraq, Şimali Kipr Türk Cumhuriyyətinin suveren hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”. Kiprin prezidenti və yunan Kiprinin lideri Nikos Kristodulidis də Erhürmanı təbrik edib, sülh danışıqlarının bərpasına sadiq olduğunu bildirib. Kipr 1974-cü ildə iki hissəyə bölünüb. Bu, Yunanıstanın dəstəklədiyi qısa bir çevrilişdən sonra baş verib. Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü. O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi. Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. Burada onu da xatırladaq ki, 1960-cı ildə Kipr adasında yaşayan türklər və yunanlar tərəfdaşlığa əsaslanan beynəlxalq müqavilələrə uyğun olaraq Kipr Respublikasının yaradıldığını elan edib. Ancaq 1963-cü ildən başlayaraq yunan silahlıları türklərə qarşı zorakılıqlara başlayıb. 1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirən ordu Kiprin Boğaziçi və Geçitkale kəndlərinə hücumlar həyata keçirib. Daha BMT-nin təzyiqi ilə Yunanıstan qoşunlarını adadan çıxarıb. 1974-cü ildə Kiprdə hərbi çeviriliş həyata keçirildi və adanı Yunanıstana birləşdirmək istəyən qüvvələr hakimiyyəti ələ aldı. Türkiyə vəziyyətə müdaxilə etmək qərarına gəldi və adadakı türkləri qorumaq üçün Kiprə qoşun yeritdi. Əməliyyat uğurla başa çatdıqdan sonra 13 fevral 1975-ci ildə Kipr Türk Federativ Dövləti yaradıldı. Vyanada əldə edilən sazişdən sonra əhali mübadiləsi həyata keçirildi, yunanlar cənuba, türklər şimala yerləşdirildi. O vaxtdan bəri on minlərlə türk əsgəri adadadır. Onların müdafiə etdiyi Türk icması adanın şimalında Şimali Kipr Türk Respublikasını yaradıb. 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti elan olunub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş Şimali Kiprin ilk prezidenti seçilib. Yunan Kipri ilə sülh danışıqları isə 2017-ci ildən dayanıb.
Yunan Kipri Avropa İttifaqında təmsil olunur. Şimali Kipr Türk Cumhuriyyətinin bunlar fonunda müdafiəsində, Türkiyə ilə yanaşı, Azərbaycan əməli addımlar atır. Bu ilin aprelində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzulu beynəlxalq forumdakı çıxışında prezident İlham Əliyev qeyd edib: “Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu ədalətli idi? Əlbəttə ki, yox. Bu, ikili standart idi”. Azərbaycan tərəfindən Şimali Kipr Türk Cumhuriyyətinin liderlərinin ölkəyə dəvəti, xüsusən də Türk DövlətləriTəşkilatının işinə cəlbi də ölkəmzin dəstəyinin mühüm təzahürüdür. Xatırladaq ki, Qəbələ zirvəsində “TDT+” formatı qəbul olunub, bu da artıq Şimali Kipr Türk Cumhuriyyəti üçün əlavə imkanlar yaradır. Burada daha geniş arealı əhatə etmək üçün şəraiti formalaşdırır və bu mövqedən çıxış edərək, Şimali Kipr Cumhuriyyətinin quruma üzvlüyü istisna deyil. Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyəti ilə münasibətləri, demək olar ki, bütün sahələrdə çox yüksək səviyyədə təmin olunub. İndi maraq doğuran Tufan Erhürmanın idarəçiliyi dönəmində Şimali Kipr Türk Cümhuriyyətinin taleyinin necə olacağıdır. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bu günlərdə qeyd edib ki, Şimali Kipr Türk Cumhuriyyətində keçirilmiş seçkinin nəticələri çox az iştirakla baş tutub, Kipr türklərinin taleyi bu qədər az iştirakla təmsil edilə bilməz: “Seçkilərin nəticələri Seçki Komissiyası tərəfindən elan edilsə belə, Şimali Kipr Türk Cumhuriyyəti təcili toplanmalı, seçki nəticələrini və federasiyaya qayıdışın qəbulolunmazlığını bəyan etməli və Türkiyə Cumhuriyyətinə birləşmək qərarı verməlidir”. Dövlət Baxçalı bunun ölüm-qalım məsələsi olduğunu vurğulayıb: “Məsələnin demokratik hüquqlar və səsverməyə hörmətlə heç bir əlaqəsi yoxdur. Çünki məsələ vətən, millət, varlıq, təhlükəsizlik, şərəf və ləyaqət məsələsidir. Şimali Kipr Türk Cumhuriyyəti parlamenti toplanmalı və Türkiyəyə birləşmək qərarı qəbul etməlidir. 81-ci vilayət Düzcədən sonra 82-ci vilayətin Şimali Kipr olması artıq ölüm-qalım məsələsinə çevrilib”.
Şimali Kipr Türk Cumhuriyyətinin buna reaksiyası bəlli olmasa da, Qərb belə çağırışa qarşıdır. Eyni zamanda Şimali Kipr Türk Cumhuriyyətinin varlığı üçün Türkiyənin də dəstəyi zəruridir. O səbəbdən qarşıdakı dövrdə Şimali Kipr Türk Cumhuriyyətini çətin məqamlar gözləyir.
Samirə SƏFƏROVA