Budapeşt “Westinghouse” ilə danışıqlara başlayır, lakin “Rosatom”la əməkdaşlığı dayandırmaq niyyətində deyil...
Poliqon xəbər verir ki, Macarıstan ABŞ-ın “Westinghouse” şirkəti ilə nüvə yanacağı tədarükü barədə danışıqlara başlayır. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. Nazir bildirib ki, sözügedən tədarük razılaşması Macarıstanla ABŞ arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsini açacaq.
Siyartonun sözlərinə görə, Budapeşt Rusiya ilə mövcud nüvə əməkdaşlığından imtina etməyi planlaşdırmır. “Rusiya ilə yanacaq tədarükünə dair mövcud razılaşmalara əlavə olaraq, biz ABŞ-dan nüvə yanacağı alınması barədə danışıqlara başlayırıq. Məqsəd artan nüvə potensialımızı təhlükəsiz şəkildə təmin etməkdir”, deyə o, M1 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, danışıqların məqsədi enerji təhlükəsizliyinin və təchizatın şaxələndirilməsinin təmin olunmasıdır. “Westinghouse” ABŞ-ın aparıcı nüvə texnologiyaları istehsalçılarından biridir və Avropa İttifaqı ölkələri üçün Rusiya yanacağına alternativ kimi təqdim olunur.
Xatırladaq ki, ötən il Fransanın “Framatome” şirkəti və Macarıstanın enerji konserni “MVM” arasında da AЭС üçün nüvə yanacağı tədarükünə dair müqavilə imzalanmışdı. Həmin razılaşma enerji mənbələrinin diversifikasiyasını və Macarıstanın enerji suverenliyini gücləndirməyi hədəfləyir. Energetika naziri Çaba Lantoşun sözlərinə görə, hökumət “Rosatom”a qarşı sanksiyalar səbəbindən Rusiya yanacağına alternativ yollar axtarmaqda davam edir.
Poliqon.info