AZ

Ermənistan axır ki, Azərbaycanın modelinə qoşuldu...


Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tiflis İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.

Baş nazir əminliklə bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək. Ə.Əsədov qeyd edib ki, Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir: “Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir”. Sözügedən tədbirdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan da əməkdaşlığın inkişafında məmnunluğunu ifadə edib: “Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin ləğvi ilə bağlı qərara görə prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Regionda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha töhfə vermək məqsədilə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipi əsasında biz elə prinsiplərdən çıxış edirik ki, onlar Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni, eyni zamanda Ermənistan Respublikasının beynəlxalq və daxili tranziti üçün qarşılıqlı faydaları nəzərdə tutur”. Ermənistanın baş naziri qeyd edib ki, bu istiqamətdə Azərbaycan mühüm addım atıb: “Prezident İlham Əliyev yaxınlarda Azərbaycan ərazisindən Ermənistan istiqamətində keçən yüklər üçün tranzit məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi. Bu, son dərəcə vacib bəyanatdır və mən bu qərara görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək və bu bəyanatı alqışlamaq istərdim”. Paşinyan qeyd edib ki, regional, beynəlxalq nəqliyyat və kommunikasiya imkanlarını inkişaf etdirmək vacibdir: “Regionda nəqliyyat marşrutu layihələri rəqabətədavamlı deyil, bu marşrutlar bir-birini tamamlayacaq və Cənubi Qafqazın potensialını daha da artıracaq”. Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin 4-cü bəndinə əsasən, Qara dəniz dəmir yolunun açılması təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın nəqliyyat potensialını artıracaq: “Ermənistanla Azərbaycan arasında bu sülh dialoqu qonşuluq münasibətlərini normallaşdıracaq və Cənubi Qafqazı Şərq-Qərb istiqamətində ən cəlbedici marşruta çevirəcək. Ermənistan ilə Azərbaycan arasında sülh Qafqaza rifah və inkişaf gətirəcək. Biz vəziyyəti bərqərar etdik və biz onu daha çox enerji, daha çox yük dövriyyəsi, daha çox rifah və inkişafla əvəz etməliyik”.

Bir daha qeyd edək ki, Azərbaycan Prezidenti Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb: “Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. İndi bütü bunlar sülh yolunda daha bir mühüm addımdır, Azərbaycanın barışla bağlı iradəsini ortaya qoyur. Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Maqdalena Qrono da qeyd edir ki, təmsil etdiyi qurum prosesləri müsbət qarşılayır: “Azərbaycan və Ermənistan arasındakı sülh prosesi istiqamətində atılmış son nikbin addımlar silsiləsindən o cümlədən Azərbaycanın Ermənistan üçün Azərbaycandan malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını elan etməsindən çox ilhamlandıb”. O, Avropa İttifaqının belə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb: “Avropa İttifaqı bu praktiki addımları səmimi qarşılayır və oxşar bütün təşəbbüsləri, eləcə də etimadın möhkəmləndirilməsi üçün əlavə tədbirləri dəstəkləməyə hazırdır”. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və sülh prosesinin gündəmə gəlməsi regionda əməkdaşlıq üçün yeni imkanlar açır. Bu kontekstdə Ermənistanın Azərbaycan ərazisindən keçməklə tranzit daşımaları həyata keçirməsi həm iqtisadi, həm də humanitar baxımdan mühüm sülh təşəbbüsü kimi qiymətləndirilir. Azərbaycan ərazisindən keçəcək Ermənistan tranzit daşımaları təkcə siyasi sülhə deyil, həm də iqtisadi sabitliyə xidmət edir. Qlobal ticarət marşrutlarının dəyişdiyi indiki dövrdə regional kommunikasiya şəbəkələrinin bərpası Cənubi Qafqazın beynəlxalq ticarətdə rolunu gücləndirir. Tarix göstərir ki, davamlı sülh təkcə hərbi və diplomatik sənədlərlə əldə edilmir. Sülhün möhkəmlənməsi üçün iqtisadi maraqların uyğunlaşması və xalqlar arasında qarşılıqlı etimad mühiti vacibdir. Bu mənada, Ermənistanın Azərbaycan üzərindən tranzit daşıma imkanlarının yaranması qarşılıqlı etibarın bərpası baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın təqdim etdiyi regional əməkdaşlıq modeli düşmənçilik siyasətindən dialoqa keçidi stimullaşdırır. Ermənistan nə qədər tez bu reallığı qəbul etsə, bir o qədər tez həm iqtisadi, həm də sosial rifah əldə edə bilər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, məqsəd Ermənistanı cəzalandırmaq deyil, onu sülh və əməkdaşlıq prosesinə cəlb etməkdir. Azərbaycan üzərindən Ermənistan tranzit daşımalarının həyata keçirilməsi yalnız iqtisadi layihə deyil, siyasi etimadın və sülhün möhkəmlənməsi üçün mühüm alətdir. Bu model sayəsində Cənubi Qafqaz regionu qarşıdurma məkanından əməkdaşlıq meydanına çevrilə bilər. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də təminatçı kimi çıxış edir. Ermənistan üçün isə bu imkan, uzun illər davam edən təcriddən çıxış və regional iqtisadi sistemə inteqrasiya deməkdir. Əgər bu istiqamətdə qarşılıqlı etimad və siyasi iradə qorunarsa, tranzit əməkdaşlığı Cənubi Qafqazda davamlı sülhün ən real zəmanətlərindən birinə çevriləcək.

Ramil QULİYEV

Seçilən
38
baki-xeber.com

1Mənbələr