Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bunu prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib:
“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan ərazisində bütün avtomobil və dəmiryol əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq: “Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. İrəvan Azərbaycan prezidentinin Ermənistana məhsul daşınmasına məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır. Bunu baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da təsdiq edib: “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Vaşinqton razılaşmaları əsasında Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması baxımından böyük məna daşıyır”. Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın günlərdə Qazaxıstandan buğdanın ilk partiyası Aktau-Bakı marşrutu ilə, sonra isə Azərbaycan və Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana gətiriləcək: “Sülh artıq bərqərar olub”. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı açıqlamasını alqışlayıb. "Armenpress" ə müsahibəsində yükdaşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələni şərh edən Qriqoryan deyib: “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Mən azərbaycanlı və qazaxıstanlı həmkarlarımın səylərini və bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirirəm”. Ekspertlər qeyd edir ki, bütün bu proseslər həm də Zəngəzur dəhlizinin açılmasını tezləşdirəcək. Çünki bu halda Mərkəzi Asiyadan gələn yüklər birbaşa Azərbaycandan Ermənistana daxil olacaq. Daha həmin yüklərin Gürcüstana daşınıb buradan Ermənistana göndərilməsinə ehtiyac qalmayacaq. Sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin hazırda Zəngəzur istiqamətində aparılması dəhlizin daha tez işə düşməsinə hesablanıb. Bu dəhliz nə qədər tez fəaliyyətə başlayacaqsa, Şəqr-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və bu istiqamətdəki kommunikasiyanın da istifadəsinə imkan yaranacaq.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç isə diqqəti ona yönəldir ki, Zəngəzur dəhlizi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir: “Zəngəzur dəhlizi Aİ üçün mühüm əhəmiyyət daşıyır, lakin dəhlizin inkişafına dair konkret planlardan danışmazdan əvvəl bütün detallar üzərində diqqətlə işləmək vacibdir”. Kuyundziç bildirib ki, Azərbaycan və Aİ nəqliyyat məsələləri üzrə aparılmış dialoqun nəticələrini təhlil edir və yaxın vaxtlarda – ola bilsin elə bu il – müzakirələri davam etdirməyi planlaşdırır. Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistanı sülh prosesində irəliləyiş münasibətilə təbrik etdiyini bildirib: “Biz məmnunuq ki, bu proses nəhayət həyata keçir, ölkələr arasında münasibətlər normallaşır və bölgədə sabitlik və sülhün bərqərar olmasını görməkdən olduqca şadıq”. Milli Məclisin deputatı Vüqar İskəndərov isə diqqəti ona yönəldir ki, prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çox vacib məqamlarla, imzalanmış sənədlərlə, o cümlədən diqqətçəkən bəyanatlarla yadda qaldı: “Cənab prezident həm iki tərəfli, həm də çoxtərəfli görüşlərində, o cümlədən ictimaiyyətə bəyanatlarında bir çox vacib məqamlara toxunub. Onlardan biri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, müqavilənin paraflanması və gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə məsələləri oldu. Prezident həmçinin çıxışında Tramp yolunun reallaşması ilə bağlı ABŞ prezidentinə təşəkkürünü bildirərək, bunu böyük naliyyət adlandırdı. İlham Əliyev həmçinin bu barədə söylədi ki, marşrutun Trampın öz adına qoyulması bunu deməyə əsas verir ki, dəhliz mütləq reallaşacaq”. Deputatın sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə düşən işləri vaxtında yerinə yetirsəydi, indi dəhliz açılmış olardı, çünki Azərbaycan öz öhdəliyinə düşən işləri sürətlə həyata keçirir: “Həmçinin prezident Zəngəzur dəhlizi ilə bağlı çıxışında onun 2028-ci ilin sonuna qədər reallaşa biləcəyini vurğuladı. Dövlət başçısı, bununla da dəhlizin ötürmə qabiliyyətini, bölgə və dünya üçün əhəmiyyətli olmasını xatırlatdı. Görünür ki, dəhlizlə bağlı Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək üzrədir. Ölkəmiz həm quru, həm də dəmir yolları ilə bağlı olan bütün işlərin icrasını sürətlə həyata keçirir. Təbii olaraq, Ermənistan vaxtında bu işləri icra etsə idi, bəlkə də dəhliz daha tez açıla bilərdi. Amma yenə də prezident İlham Əliyevin söylədiyi kimi, əsas məsələ dəhlizin mütləq açılmasıdır. Dövlət başçısı bunlarla yanaşı, ölkəmizin xoşməramından da bəhs etdi. Söhbət Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsindən gedir. Bu onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan artıq kommunikasiyanın açılmasında da işlər görürlər və ölkəmiz bununla bağlı öz xoş məramını ortaya qoymuş olur”.
Nahid SALAYEV