AZ

Azərbaycan və Qazaxıstanın sayəsində Ermənistan ilk dəfə Orta Dəhlizə qoşuldu...


Hüseyn İbrahimov: “Bununla bütün dünya gördü ki, Azərbaycan sülhpərvər siyasət yeridir və buna sadiqdir”

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Azərbaycanın bu addımı Ermənistan rəsmiləri tərəfindən müsbət qarşılanıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bunu sülhün bərpa olunması kimi dəyərləndirib: “Yaxın vaxtlarda Qazaxıstandan ilk taxıl partiyası Aktau–Bakı dəmir yolu ilə, oradan isə Azərbaycan-Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana çatdırılacaq. Sülh bərpa olunub”.

“Ermənistanın digər dövlətlərdən asılılığı azalacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, bu, Prezident İlham Əliyevin Ermənistan cəmiyyətinə yönəlmiş xoş niyyətinin, sülhpərvər siyasətinin göstəricisidir: “Bununla bütün dünya görür ki, Azərbaycan sülhpərvər siyasət yeridir, regionda sabitlikdə və dayanıqlı inkişafda maraqlıdır. Yeni marşrut Ermənistana həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Ermənistanın Gürcüstan və Türkiyədən, eyni zamanda Rusiyadan asılılığı azalacaq. Düzdür, Ermənistan Rusiya ilə quru sərhədinə malik deyil. Ancaq elə məhsullar var ki, onları Rusiyadan yox, digər ölkələrdən idxal edəcəklər. Necə ki, Qazaxıstandan buğda idxal edirlər. Bütün bunlar mövcud ticarət yollarının Ermənistanın da üzünə açılması deməkdir. Bu, ölkənin yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq. Prezidentin qərarı Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də qarşılıqlı etimadın formalaşması istiqamətində mühüm təşəbbüslərdən biridir. Habelə, ikitərəfli münasibətlərdə inamı gücləndirir, cəmiyyətlərin sülhə hazırlanması baxımından əhəmiyyətli addım hesab olunur. Digər mühüm məqam ticarət və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıracaq və ixrac potensialını gücləndirəcək”.

Vidadi ORDAHALLI

Seçilən
85
baki-xeber.com

1Mənbələr