1-ci Liqanın 6-cı turu çərçivəsində bu gün MOİK-in qonağı olan "Baku Sportinq" 68-ci dəqiqədən azlıqda oynasa da (Hüseyn Babayev qırmızı vərəqə alıb), 0:0 hesablı heç-heçə sayəsində 1 xal qazanmağı bacardı. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"MOİK-in güclü heyətə malik, keyfiyyətli futbolçulardan qurulmuş komandadır. Oyuna yaxşı hazırlaşmışdıq. Qarşılaşmanı iki hissəyə ayırmaq olar: qırmızı vərəqəyə qədər və sonrakı. Say bərabərliyi ilə mübarizə apardığımız hissədə rəqibdən tam şəkildə üstün idik. Çox sayda qol epizodu yaratdıq. Xüsusilə birinci yarıda fərqlənmək imkanlarımız daha çox idi. Azlıqda qalandan sonra isə hesabı qorumağa çalışdıq və buna nail olduq. Matçın təxminən 25 dəqiqəsində 10 nəfərlə oynadığımızı nəzərə alsaq, 1 xal yaxşı nəticədir. Oyunçularımın mübarizə ruhundan razıyam. Sizin vasitənizlə onlara təşəkkürümü bildirirəm".
Nihat