BAKI, 23 oktyabr. TELEQRAF
Macarıstanın baş naziri Viktor Orban noyabrın əvvəlində ABŞ-yə rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra məlumat verib.
“Görüş çox gözəl atmosferdə keçdi və planlaşdırılandan uzun sürdü. Bunun əsas səbəbi həm sülh təşəbbüsləri ilə bağlı məsələləri, həm də baş nazirin yaxın vaxtlarda Vaşinqtona səfəri ilə əlaqədar mövzuları müzakirə etmək idi,” - Siyarto bildirib.
Onun sözlərinə görə, Orban noyabrın əvvəlində ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.
“ABŞ prezidenti Viktor Orbanı özünün əsl dostu və müttəfiqi hesab edir. Onlar səfəri səbirsizliklə gözləyirlər,” – deyə Macarıstan XİN rəhbəri əlavə edib.
Siyarto həmçinin qeyd edib ki, Trampın Ağ Evə qayıdışından sonra Macarıstanla ABŞ arasında münasibətlər mükəmməl səviyyəyə çatıb və Budapeşt bu əlaqələrə xüsusi əhəmiyyət verir.