Braziliyada futbol ictimaiyyəti faciə ilə sarsılıb. Gələcəyin ulduzlarından hesab edilən 20 yaşlı futbolçu Antoni Ylano motosikleti ilə hərəkətdə olarkən yola çıxan inəyə çırpılaraq həyatını itirib.
News24.az xəbər verir ki, hadisə bazar ertəsi səhər saatlarında futbolçunun atasının ad günündən evə qayıdarkən baş verib. Təhlükəsizlik kamerası görüntülərində beş inəyin yolun ortasında hərəkət etdiyi, Ylanonun isə sonuncu inəyə çırpıldığı və yerə yıxıldığı əks olunub. Hadisə yerinə gələn şahidlər ona kömək etməyə çalışsalar da, gənc futbolçu hadisə yerində dünyasını dəyişib.
Polis hadisə ilə bağlı istintaqa başlayıb. İlkin araşdırmalara əsasən, Ylano qarşısına çıxan heyvanlara reaksiya verməyə macal tapmayıb.
Antoni Ylano futbol karyerasına “Altos” və “Fluminense-PI” klublarında başlayıb, daha sonra “Piaui” U-20 komandasına keçib. O, 2024 və 2025-ci illərdə Piaui Əyalət Çempionu olub və Braziliya futbolunun ən parlaq gənc istedadlarından biri sayılırdı.
Qəzadan bir gün sonra Ylanonun komanda ilə birlikdə Braziliya U-20 Kubokuna qatılması planlaşdırılırdı.
Xeyrənsə Piriyeva