BAKI, 23 oktyabr. TELEQRAF
Fransa, Almaniya və digər Qərbi Avropa ölkələrini güclü “bombalı siklon” adlanan tufan əhatə edir.
Teleqraf "Euronews"a istinadla xəbər verir ki, bu, sürətlə güclənən aşağı təzyiq zonasıdır və ekstremal hava şəraitinə səbəb ola bilər.
Bildirilir ki, küləyin sürəti saatda 160 km-ə çatacaq, güclü yağış yağacaq və nəqliyyatda problemlər yaranacaq.
Siklon artıq Fransanın Atlantik sahilinə çatıb. Çərşənbə axşamı gecəsi onun mərkəzi La-Manş boğazına gəlib, bundan sonra Şimal dənizi istiqamətində hərəkət edərək İspaniya, Belçika, Niderland və Almaniyanı əhatə edir. Şvarcvald və Şimal dənizi sahilində küləyin sürəti 120 km/saat və daha çox ola bilər.
Cümə günü günorta saatlarına Almaniyada tufanın pik nöqtəsinə çatması gözlənilir. Nəqliyyat və enerji təchizatında fasilələr mümkün ola bilər. Şənbə günü tufan zəifləməyə başlayacaq, lakin sahil boyu hələ də təhlükə davam edəcək.