BAKI, 23 oktyabr. TELEQRAF
Çin və Rusiyanın başçılıq etdiyi bir neçə ölkə son beş il ərzində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) fəaliyyətinin maliyyələşdirilməsini məhdudlaşdırmağa cəhd göstərib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" qeyri-hökumət təşkilatı "Service for Human Rights"ın hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu təşəbbüslər qapalı iclaslarda müzakirə olunub. Məsələn, 2021-ci ildə bir sıra dövlətlər BMT-nin İnsan Hüquqları Şurasının 17 layihəsinə ayrılan bütün vəsaitləri dondurmağı təklif ediblər. 2024-cü ildə isə İran, Şimali Koreya, Ukrayna, Belarus, Eritreya, Sudan və Venesuelaya dair araşdırmaların maliyyələşdirilməsinin tamamilə dayandırılması təşəbbüsü irəli sürülüb.
BMT-dəki Çin nümayəndəliyi hesabatı əsassız adlandırıb. Bildirilib ki, Pekin BMT resurslarının üç əsas istiqamət - inkişaf, təhlükəsizlik və insan hüquqları arasında balanslı şəkildə bölüşdürülməsinin tərəfdarıdır və insan hüquqları üzrə maliyyələşmə əslində artıb.