Azərbaycan-Qazaxıstan münasibətləri möhkəm təmələ əsaslanır
Tarixinin ən qüdrətli Azərbaycanının xarici siyasətinin prioritet istiqamətlərindən biri də türk dünyası ilə münasibətlərin getdikcə daha da inkişaf etdirilməsi, türkdilli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasıdır.
Təbii ki, türk dünyası dedikdə, ilk növbədə Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.
Mərkəzi Asiya 80 milyondan çox əhaliyə və 3 milyon 882 min kvadratkilometr əraziyə malik regiondur. Bu bölgə dünya uran ehtiyatlarının 20, neft ehtiyatlarının 17,2, təbii qaz ehtiyatlarının 7 faizinə sahibdir. Regionun yerləşdiyi coğrafi mövqe Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqaz, Türkiyə və Avropa arasında körpü rolunu oynayır, tranzit yollara və beynəlxalq marşrutlara nəzarət etmək imkanı verir. İnkişaflarının yeni mərhələsində olan Mərkəzi Asiya respublikaları Azərbaycan vasitəsilə yalnız Çinlə Avropa arasında tranzit rolunu oynamır, eyni zamanda özlərinin ixrac potensialını da reallaşdırmaq niyyətindədir ki, bu da rəsmi Bakı ilə əməkdaşlıqdan asılıdır.
Oktyabrın 20-21-də İlham Əliyevin Qazaxıstana növbəti dövlət səfəri də dost və qardaş ölkə ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində müsbət impuls oldu.
Hava limanında İlham Əliyevin dost ölkənin lideri Kasım-Jomart Tokayev tərəfindən qarşılanması, təkbətək görüşdə, mətbuata bəyanatlarla çıxışda Qazaxıstan Prezidentinin səsləndirdiyi səmimi fikirlər bir daha təsdiq etdi ki, Bakı və Astana arasında sarsılmaz bağlar yaranıb.
Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunu şərtləndirən bir sıra amillər var. Birincisi, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən və bütün əraziləri boyunca suverenliyini təmin etdikdən sonra yeni obrazda beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində iştirak edir. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərində də özünü göstərir. Digər amillərdən biri isə eyni soykökə, mədəni dəyərlərə, oxşar tarixə malik olmaqla Azərbaycan-qazax xalqları öz aralarındakı münasibətləri daha dinamik və səmərəli inkişaf etdirmək imkanlarıdır.
İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
İlham Əliyevin də söylədiyi kimi, son üç ildə Azərbaycan Prezidentinin qardaş ölkəyə yeddi, həmin müddət ərzində Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfər etməsi iki dost və qardaş ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin təsdiqidir.
Ötən illər ərzində iki ölkə arasında möhkəm hüquq-müqavilə bazası yaradılıb. Belə ki, tərəflər arasında indiyədək təqribən 170 sənəd işlənib hazırlanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Oktyabrın 21-də isə bu sənədlər sırasına daha bir neçəsi əlavə olunub. Astanada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi keçirilib. İki ölkə arasında əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev "Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı"nı, "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair
1 saylı Qərarı"nı və "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı"nı imzalayıblar. Sonra isə müvafiq nazirliklər, komitələr arasında qarşılıqlı olaraq 11 yeni müqaviləyə imza atılıb.
Prezidentlərin mətbuata bəyanatlarında isə Qazaxıstanın dövlət başçısı son illərdə Azərbaycanın qlobal nüfuzunun yüksəldiyini və bunun da yeganə səbəbinin İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət olduğunu vurğuladı. İlham Əliyevi tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyərləndirən qazaxıstanlı həmkarı qeyd edib ki, o, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahədə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. "Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılığı ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir".
Kasım-Jomart Tokayev həmçinin ABŞ-də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımı çox yüksək qiymətləndirib: "Prezident İlham Heydər oğlu Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib. Qazaxıstan da bu mühüm hadisəni rəsmi olaraq alqışlayıb. Əminəm ki, əldə olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək, ümumi tərəqqi üçün yeni imkanlar açacaq".
Kasım-Jomart Tokayev deyib ki, ümumilikdə səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda qardaş xalqların rifahı naminə gələcək inkişafına qarşılıqlı surətdə hazır olduqlarını əyani şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev isə vurğulayıb ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar: "Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır".
Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında isə iki qardaş ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi, imkanların genişləndirilməsi məsələləri müzakirə mövzusu olub.
İlham Əliyev vurğulayıb ki, bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Dövlət başçısı eyni zamanda deyib ki, avqustun 8-də Vaşinqtonda keçirilən sammit mahiyyətcə çoxillik münaqişəyə son qoyub və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açıb. Zəngəzur dəhlizinin yaxın illərdə açılması isə nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq və Orta dəhlizə böyük töhfələr verəcək.
Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox halda vahid coğrafi məkan çərçivəsində çıxış edir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
Bakı ilə Astana arasında əməkdaşlığın hazırkı səviyyəsi sabit dinamika və yüksək etimad səviyyəsi ilə fərqlənir, danışıqların nəticələri isə iqtisadiyyat, nəqliyyat və texnologiyalar sahələrində yeni birgə təşəbbüslər üçün əsas yarada bilər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"