AZ

Mehriban xanım Əliyevanın Vatikana səfəri həm də strateji diplomatik missiyadır

Mədəniyyət siyasəti hər bir xalqın bəşəri miqyasda layiqli yerini tutmasında və tanınmasında mühüm rol oynayır. Çağdaş dünyamızın ən güclü dövlətləri də ilk növbədə mədəniyyətə xitab edir, gələcəyini qanlı savaşlarda deyil, mədəniyyətlərin dialoqunda görür və bu hədəf uğrunda çalışırlar. 

Hər birimiz razılaşarıq ki, sülhün, mədəniyyətlər arasında dialoqun, insanı qorumağın və onun rifahı üçün çalışmağın alternativi yoxdur. Bununla da  Yer üzündə sağlam düşüncənin əhatəsi genişlənir, xoş niyyətlər ətrafında birləşən insanların sayı artır. Bu, sağlamlaşan düşüncənin dəyişdiyi dünyadır!

Bu gün tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uzun illərdən bəri həyata keçirilən beynəlxalq qlobal layihələr, humanitar təşəbbüslər ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarını təsdiqləyir. Bu layihələrin hər biri ölkəmizin imicini daha da artırır. Mədəniyyətlər arasında dialoq, tolerantlıq, multikulturalizm çağırışları ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə bağlılığını, yüksək amallarını göstərir. Ən mühüm amil olan bu dəyərlərin qorunmasına istiqamətlənən işlərin aparılmasına xüsusi diqqət yetirilir.

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri ölkəmizin dini tolerantlıq, multikulturalizm və mədəni diplomatiya siyasətinə daha bir parlaq nümunə olmaqla yanaşı, Heydər Əliyev Fondunun uzun illərdir davam edən humanitar və mədəniyyət layihələrinin beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi. Mehriban xanım səfər proqramı çərçivəsində həm dini-mədəni, həm tibbi-humanitar, həm də diplomatik görüşlər keçirdi, Azərbaycanın dünyaya açıq və sülhpərvər siyasətini nümayiş etdirdi.

Dialoq körpüsü

Vatikan dünyada yaşayan bütün katoliklərin qeyri-formal şəkildə Qərb xristian sivilizasiyasının mərkəzi hesab olunur. Azərbaycan isə islam dünyasında dini tolerantlığın və multikulturalizmin modeli kimi qəbul edilir. Bu baxımdan Azərbaycan-Vatikan münasibətləri islam və xristian dünyası arasında anlayış və dialoq körpüsü rolunu oynayır.

Oktyabrın 16-da Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdilər. Vatikanda yüksək səviyyədə qarşılanan Mehriban xanım Əliyeva burada həyata keçirilmiş bərpa işləri ilə tanış oldu. Pontifik Komissiya və Roma şəhərinin bələdiyyəsi layihənin icrasında Azərbaycanın mühüm dəstəyini qeyd etdi.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirdi. Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğuladı. 

Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırlatdı. Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi isə ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görüldüyünü qeyd etdi. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq dedi ki, bu münasibətlər uzun illər ərzində formalaşıb: "Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpaolunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq".

Katakombaların tarixi və dini əhəmiyyəti böyükdür. Açılış mərasimində qeyd edildi ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Bildirilib ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Bu yer, erkən xristianlıq dövrünə aid freskalar və dini artefaktlarla zəngindir. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub. Bərpa zamanı müasir metodlar, nanotexnologiya və lazer texnologiyası tətbiq olunaraq, tarixi məkanın həm qorunması, həm də gələcək nəsillərə ötürülməsini təmin edib.

Mehriban Əliyeva açılış mərasimində Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə olduğunu, bu prinsiplərin həm dövlət siyasətimizin əsasını təşkil etdiyini, həm də həyat tərzimizə çevrildiyini diqqətə çatdırıb. 

Dini dəyərlərə qayğı

Səfərin mədəni diplomatiya hissəsi həm də Müqəddəs Pavel Bazilikasında davam etdi. Mehriban xanım Əliyeva burada aparılan bərpa işləri ilə tanış oldu, Baş Keşiş kardinal Ceyms Harvi ilə görüşərək, xüsusən Yubiley İli çərçivəsində bazilikada mərmər örtüklərin və dekorativ elementlərin təmiri və qorunmasına diqqət yönəltdi. Birinci vitse-prezident bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu xüsusi vurğuladı: "Roma elə bir şəhərdir ki, həm yerin altı, həm də üstü, demək olar, səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm". Diqqətə çatdırıldı ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir. 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Müqəddəs Pyotr Bazilikasında bərpa işləri ilə tanışlıq zamanı isə kardinal Mauro Qambetti də fondun layihələrinin yüksək səviyyədə həyata keçirildiyini bildirərək Azərbaycana təşəkkürünü çatdırdı. Qeyd edək ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi və memarlıq baxımından möhtəşəm tikilidir. Bu layihələr həm dini, həm mədəni, həm də diplomatik baxımdan Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm addımlardır.

Tibbi-humanitar sahədə əməkdaşlıq

Səfər çərçivəsində Birinci vitse-prezident həm də Avropanın ən böyük pediatrik tibb mərkəzi "Bambino Gesu" xəstəxanasında oldu. Xəstəxana İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. Burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olan Mehriban Əliyeva, həmçinin Azərbaycanla nadir xəstəliklər və müasir tibbi texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdi.

Bu səfər Heydər Əliyev Fondu, Azərbaycan Səhiyyə Nazirliyi və Vatikandakı müvafiq xəstəxana arasında əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. Bu il sentyabrın 

10-da imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycanda molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər üzrə tədqiqatların inkişafı üçün geniş şərait yaradılacaq, eləcə də azərbaycanlı alim və mütəxəssislərin qabaqcıl texnologiyalarla tanışlığı təmin olunacaq.

Diplomatik görüşlər

Səfər proqramının ən mühüm məqamlarından biri də Mehriban xanım Əliyevanın Roma Papası XIV Leo ilə görüşərək Vatikan və Azərbaycan arasındakı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparması oldu. Papa Azərbaycanla ikitərəfli əlaqələrin dinlərarası və sivilizasiyalararası dialoqa təkan verdiyini, Heydər Əliyev Fondunun təşəbbüslərinin isə bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğuladı. 

Bu istiqamətdə müzakirələr Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də davam etdirildi. Mehriban xanım kardinal Parolinin ötən il ölkəmizin evsahibliyi etdiyi COP29 tədbirində iştirakını yüksək qiymətləndirdi, Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelini xüsusi vurğuladı. Görüş zamanı Azərbaycanda ikinci katolik kilsəsinin tikintisi məsələsi də müzakirə olundu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq bununla bağlı müsbət qərar verdiyi bildirildi. 

Mehriban xanım Əliyeva Vatikan qubernatorluğunun rəhbəri Raffaella Petrini ilə də görüşərək mədəni, dini və humanitar əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr apardı. Səfərin simvolik hissəsi kimi, Mehriban Əliyeva və Petrini Vatikan bağlarında nar ağacı əkdilər. Bu ağac Azərbaycan üçün həyat, bolluq, ailə bütövlüyü və məhsuldarlığın simvoludur, eyni zamanda həm Azərbaycan, həm də Vatikan üçün dostluğun, əməkdaşlığın rəmzi hesab olunur.

Vatikanda keçirilən görüşlərdə Birinci vitse-prezident açıq şəkildə vurğuladı ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşayış modelini qorumaqla sülhün və qarşılıqlı hörmətin bərqərar olmasına töhfə verir. Bu sözlər eyni zamanda ölkəmizin ideoloji mövqeyini əks etdirirdi. Nəticə isə bu idi ki, Azərbaycanın mültikultural dəyərlərə verdiyi töhfələr təkcə siyasi əlaqələrin deyil, həm də diplomatik münasibətlərin göstəricisi kimi çıxış edir.

Apostol Kitabxanası 

Səfər çərçivəsində Mehriban xanım Əliyeva Vatikan Apostol Kitabxanası və Arxivini ziyarət edərək, Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə bərpa olunan və rəqəmsallaşdırılan nadir əlyazmalar, qədim xəritələr, sənədlər haqqında məlumat aldı.

Bu əməkdaşlıq Azərbaycanın tarixi və mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir, Arxiv isə Katolik Kilsəsinin yaddaşı kimi IX əsrdən günümüzədək olan dövrü əhatə edir. Əməkdaşlıq ərəfəsində bu layihələr Azərbaycan alimləri üçün nadir tarixi mənbələrə çıxış imkanı yaradacaq və ölkəmizin elmi potensialını beynəlxalq səviyyədə gücləndirəcək.

Nəticə etibarilə Mehriban xanım Əliyevanın Vatikana səfəri Azərbaycanın mədəni diplomatiya strategiyasının uğurlu nümunəsi, həmçinin dini tolerantlıq və multikulturalizm siyasətinin beynəlxalq səviyyədə daha bir təzahürüdür. 

Heydər Əliyev Fondunun burada həyata keçirdiyi layihələr - Kommodilla katakombaları, Müqəddəs Pavel və Pyotr Bazilikalarının bərpası, Apostol Kitabxanası və "Bambino Gesu" xəstəxanası ilə əməkdaşlıq - Azərbaycanın dünyaya açıq və humanitaryönümlü siyasətini nümayiş etdirir.

Səfər həm də dini, mədəni və tibbi-humanitar əməkdaşlığın birləşdiyi kompleks modeldir, bu model gələcəkdə dövlətlərarası dialoqun, sülhün və mədəni əlaqələrin inkişafına nümunə olacaq. Mehriban xanım Əliyeva bu səfər vasitəsilə Azərbaycanı beynəlxalq mədəniyyət və humanitar təşəbbüslərin fəal iştirakçısı kimi təqdim etdi, ölkəmizin dünya səhnəsindəki nüfuzunu daha da möhkəmləndirdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın səfərləri, Heydər Əliyev Fondunun layihələri və dini abidələrin bərpası göstərir ki, Azərbaycan yalnız öz dəyərlərini deyil, həm də bəşəri mədəni irsi qoruma missiyasını üzərinə götürür. Beləliklə, bu münasibətlər mədəniyyətlərarası dialoqun praktik modeli kimi qəbul olunur və sülh yaradan dövlət kimi Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirir.

Vatikan ərazicə kiçik dövlət olsa da, mənəvi nüfuz baxımından dünya diplomatiyasında unikal mövqeyə malikdir. Müqəddəs Taxt-Tacın beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də və Avropa diplomatiyasında söz sahibi olması Azərbaycan üçün yumşaq gücün (soft power) genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın Vatikanla yaxın münasibətləri onun həm Qərb dünyasında nüfuzunu artırır, həm də mədəni və dini balanslı siyasət yürütmək imkanlarını genişləndirir. Bu, Azərbaycanın "yalnız enerji və coğrafiya ölkəsi deyil, həm də mənəvi və mədəni mərkəz" olması mesajını verir.

Vatikanla əməkdaşlıq Azərbaycanın həmçinin Qərb və Şərq arasında körpü olduğunun təsdiqidir. Belə əlaqələr Avropanın dini-siyasi mərkəzləri ilə qarşılıqlı və etimadlı münasibətlər qurmaqla yanaşı, həm də Azərbaycanın xarici siyasət kursunun balanslı və çoxvektorlu xarakterini nümayiş etdirir. Bu baxımdan Mehriban Əliyevanın səfəri yalnız humanitar xarakterli deyil, həm də strateji diplomatik missiyadır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
81
azerbaijan-news.az

1Mənbələr