AZ

Qardaşlıq və etimad nümunəsi

Azərbaycan-Qazaxıstan münasibətləri tarixi köklərə əsaslanmaqla möhkəmlənir, inkişaf edir və beynəlxalq müstəvidə bir nümunə kimi təqdim edilir. Siyasi iradənin və qarşılıqlı münasibətlərin, əməkdaşlığın təzahürü olan iqtisadi inkişaf, birgə layihələr, səmərəli görüşlər, imzalanan sənədlər dövlətləri və xalqları bir-birinə daha da yaxınlaşdırır.

 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana budəfəki dövlət səfəri bu baxımdan əlamətdardır və geniş əks-səda yaradıb. Bu səfər əlaqələrin sistemli şəkildə inkişaf etdirildiyini, strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. "Bu gün Azərbaycanın Çin və Mərkəzi Asiya bazarlarına çıxmasında Qazaxıstan mühüm rol oynadığı kimi, Azərbaycan da Qazaxıstanın Şərqi və Qərbi Avropa ölkələrinə çıxış əldə etməsində böyük funksiyanı yerinə yetirir. Bu da hər iki dövlətin iqtisadi və siyasi mövqeyini möhkəmləndirir və dinamik inkişafa yeni imkanlar yaradır. Orta dəhliz layihəsi istiqamətində birgə səylər Azərbaycanın və Qazaxıstanın həm regionda, həm də qlobal ticarət sistemində rollarını genişləndirməklə, iqtisadi inkişafa yönəldilib. Rəqəmsal İpək yolu layihəsi bu baxımdan çox əhəmiyyətlidir və iki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilməsi məqsədilə hazırlanıb", - deyə komitə sədrit bildirib.

T.Rzayev qeyd edib ki, iki ölkə arasında həyata keçirilən mühüm tədbirlər, forumlar, qarşılıqlı layihələr, investisiya qoyuluşları, birgə iqtisadi komissiyaların fəaliyyəti, iş adamlarının görüşləri, qarşılıqlı fikir mübadilələri əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir və gələcək inkişaf üçün olduqca vacib və əhəmiyyətlidir. Prezident İlham Əliyev bu baxımdan deyib: "Ötən on illiklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, orta türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni əlaqələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq".

Dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin bu tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmləndirdiyini vurğulayan komitə sədri deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son illərdə Azərbaycana 6 dəfə səfər etməsi, işğaldan azad edilmiş ərazilərdə olması, Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə sərəncam verməsi və ən möhtəbər tədbirlərdə dövlətimizin haqlı mövqeyini dəstəkləməsi ölkələr arasında dostluğun, qardaşlığın aydın ifadəsidir. Prezident İlham Əliyev də son üç ildə Qazaxıstana yeddi dəfə səfər edib və qarşılıqlı səfərlər zamanı iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar, elm, təhsil, turizm və digər sahələrdə 170 əhəmiyyətli sənəd imzalanıb.

T.Rzayev bildirib ki, Qazaxıstan-Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasından keçən 20 il ərzində iki ölkənin əməkdaşlıq münasibətləri çox genişlənib: "Keçən il ölkələr arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, bu ilin səkkiz ayı ərzində isə bu rəqəm 547 milyon dollara çatdırılıb. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz, "yaşıl energetik"a, kənd təsərrüfatı sahələrində əməkdaşlıq durmadan inkişaf edir. Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi uğurla davam etdirilir".

Komitə sədri vurğulayıb ki, hər iki ölkə Türk Dövlətləri Təşkilatında böyük rol oynayır və ən mötəbər tədbirlərdə birgə mövqedən çıxış edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin "Kazinform" agentliyinə verdiyi müsahibəsində ölkələrimizin qarşılıqlı əməkdaşlığı, sağlam dostluq, qardaşlıq münasibətləri aydın şəkildə ifadə edilib. Qazaxıstana səfər öncəsi verilmiş bu müsahibədə əksini tapan ifadələr göstərir ki, iki dost dövlətin uğurları artır, gələcək əməkdaşlıq üçün yeni yollar açılır. İqtisadi münasibətlər bütövlükdə türk dünyasının güclənməsinə hesablanıb və xalqların xoşbəxtliyinə xidmət edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir. Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri özünün ən yüksək inkişaf mərhələsindədir. İki qardaş ölkənin uğurları dövlətləri və xalqları birləşdirməklə daha böyük qələbələrdən xəbər verir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Seçilən
113
azerbaijan-news.az

1Mənbələr